- •İçәri otaqdan Zivәr xanım әtirli vә kirşanlı, sinәsi vә qolları açıq, qıvraq gәlir, Rüstәm bәyin yazı stolunun üstündәki telefonun dәstәyini qalxızıb, qoyur qulağına vә belә danışır.
- •İçәri qapıdan z ә h r a b ә y I m görsәnir.
- •3 Ә h r a b ә y I m. Ay balalarım, sizә belә mәnim canım qurban, bir mәnә deyin görüm, o dediyiniz adamlar kimdilәr? Yaxşımı adamdılar, nәçidirlәr?
- •İçәri otaqdan z I V ә r X a n ı m çıxır, Teymur bәyә әl verir.
- •3 I V ә r X a n ı m (durur ayağa). Rüstәm, bu gün cәmiyyәti-xeyriyyәnin o qәdәr işi var ki, bilmirәm axşama kimi qurtara bilәcәyәm, ya yox. Yaxşı olardı, sәn dә gedә idin, bizә kömәk elәyәydin.
- •İkinci mәclis
- •3 I V ә r X a n ı m (durur ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet na tom I obyasnyayetsya, çto je takoe?! [2]
- •Xub (kağızları aralayır). İkinci mәsәlә mәktәb proqramı barәsindәdir. Mәlumdur ki, keçәn hәftә reviziyonnaya komissiya....
- •Varmı bu pәhlәvanların qüsuri.
Xub (kağızları aralayır). İkinci mәsәlә mәktәb proqramı barәsindәdir. Mәlumdur ki, keçәn hәftә reviziyonnaya komissiya....
M i r z ә Z e y n a l. Tәftiş komissiyası.
R ü s t ә m b ә y. Keçәn hәftә tәftiş komissiyası mәktәb proqramı barәsindә irad tutub ki, guya proqramlara, neçә ki, lazımdır, diqqәt olunmur vә dәrslәr bir növ süst keçir vә ikinci klasda....
M i r z ә B ә x ş ә l i. İkinci sinifdә.
R ü s t ә m b ә y. İkinci sinifdә әdәbiyyat dәrslәri nәhayәt çәtnilәşib vә bizim öz milli Azәrbaycan dilimiz bilmәrrә nәzәrdәn salınıb. Keçәn zasedaniyada müәllim cәnablarından xahiş olunub ki, bu barәdә camaatın arzusuna hörmәt qoyuban, mәsәlәni mümkün dәrәcәdә nәzәri-diqqәtә alsınlar. Hüseyn Şahid cәnabları danışmaq istәyir.
H ü s e y n Ş a h i d (durur ayağa).
Gülbahar qulaq verir.
Möhtәrәm әzayi-әncümәn hәzrәtlәrinә öz ixlasımı tәqdim edib, mәtlәbin әn ibtidasından bir şәmmә izahat vermәyi fәrz vә qәrz bilib, iltimas ediyorum, әfәndim. Arkadaşlar, şimdi hәpimiz tanrımızın buyruğu ilә iştә göyümüzdә torpağa borcunu ödәmәkdәn qaçacaq tәk bir kişi olmaz; onu hay cift sürәrkәn tәr olaraq әlimizdәn dökmüşüz, yetәr! Az әvvәl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetәr! Hay vә ya düşmәnә savaşarkәn qan olaraq damarlarımızdan axıtmışız, yetәr! Akıl irmәz tanrı hikmәtlәri ilә әvәt, yarın qәddar vә murdar әllәri qafalarımızı әnsәmizdәn kәsәrәk bizi vәhşәt şeytanlarına qurban edәcәk, zәnn ediyorum, әfәndim. Yetәr, az әvvәl alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetәr!
Gülbahar vә adamların çoxu әsnәyir.
Әvәt, çocuqlar, qadınlar, irkaklar, yenilәr bu torpaqdan çıxıb, yavuqlusuna qovuşmuşdu. Qartlaşmış qollarını üç, beş mızraq boyu ötәdәki binaların üstünә qadar salan bol kölgәli sokakların dibindә gümlәyәn davulların sәsi çocuqların düyününü bildiriyordu. Sağlam kökslәrdә uyqudakı yavuzluq duyğularını qabartan bu gumbultu kәndi qılınclarımızın әrmağını xatırlatıyordu, әfәndim. Halbuki, әvәt, bir takım әdәbiyyat ki, ikinci sinifdә tәhsil olunmaqdadır....
İştә kәlәbәklәr kimi qarlar düşüyor,
Sanki bir nur eniyor hәr fidana,
Lakin әylәncә olurkәn adana,
Yavru çocuqlar üşüyor!
Ağalar, bu deyilmn milli әdәbiyyat! Bu deyilmi milli turk lisanı!
Sәməd Vahid çәpik çalır. Qalan çamaatdan gülәn də var və tәk-tək çәpik çalan da var. Gülbahar mürgüləyir.
M ә k t ә b ş a g i r d i b a ş ı n d a f ә s:
İştә kәlәbәklәr kimi qarlar düşüyor,
Sanki bir nur eniyor hәr fidana,
Lakin әylәncә olurkәn adana,
Yavru çocuqlar üşüyor!
Sәmәd Vahid vә Hüseyn Şahid әllәrini qoyurlar hәmin şagirdin çiyninә. Camaatdan gülәn dә var, çәpik çalan da var.
Z ә h r a b ә y i m (Gülbahara). Qızım, bu adamlar nә danışırlar?
Gülbahar cavab vermir, çünki mürgülәyir.
M i r z ә M ә h ә m m ә d ә l i (hirsli, camaata). A balam, hәlә bizi başa salın görәk, niyә çәpik çalırsınız?
R ü s t ә m b ә y (kağızları aralayır). Ağalar, qaldı iki mәsәlә: biri elmi-ilahi dәrslәri barәsindә, biri dә acların әrizәsi. Elmi-ilahi barәsindә uşaqların bir parasının ataları tәrәfindәn әrizә gәlib ki, mәktәbin üçüncü sinfindә müәllim cәnabları--ki, ibarәt olsun Mirzә Bәxşәli vә mәnim kiçik bәradәrim Mәhәmmәdәlidәn,--oktyabr ayında xüsuf vә küsuf barәsindә, yәni ayın vә günün tutulmağı barәsindә bir moizә başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf vә xüsuf dәrslәri nәinki azalmır, hәlә bәlkә altı ay da bundan sonra qurtarmayacaq....
M i r z ә B ә x ş ә l i. Xeyr, ağa, elә deyil, әfv buyurasınız. İndiki dәrslәr mәhz xüsuf barәsindәdir ki, dörd aydır oxunur. O ki, qaldı küsuf dәrslәri, bәli, hәqdir, bir altı ay da küsuf dәrslәri tәhsil olunmalıdır.
R ü s t ә m b ә y (Mirzә Bәxşәliyә, zәng çala-çala). Cәnab, Mirzә, mәni bağışlayasınız, xahiş edirәm sözümü qurtarmamış sözümü kәsmәyәsiniz. Bәli, heç eybi yoxdur, danışmaq istәyirsiniz, izahat veriniz. Amma xahiş olunur bәyanatınızı müxtәsәr söylәyәsiniz.
M i r z ә B ә x ş ә l i (durur ayağa vә әlindә bir yekә, dәridәn cildi, köhnә müsәlman kitabı);
Gülbahar diqqәt ilә qulaq asır.
Әzayi-giramdan üzr istәyirәm ki, zeyldә mәruzeyi-mühәqqәrim ağayani-büzürgüvarın dәrdi-sәrinә şayәd sәbәb ola. Ağama әrz olsun ki, elmi-ilahi dәrslәri, elmi-nücum dәrslәri, heyәt dәrslәri vә xülasәtül-hesab dәrslәri mәktәb proqramlarında,--necә ki, şayistә vә әlzәmdir,--arayişt olunmuyub ki, aya xüsuf vә küsuf mәsәlәlәri bu saydığınız fünunun hansı birisinin dairәsindә tәhsil olunasıdır vә fövqәzzikr fünun hansı müәllimin öhdәsindә vә tәhti-cәvabdehliyindәdir. Bәndәyә mühәvvәl olunan elmi-әqdәsi-ilahi dәrslәri dövri-ibtidasından--necә ki, mәlumdur,--bisti hәştümi-rәbiüssani, yövmi-cәharşәnbә, qütrün әsәblәrinin iki dangı vә şәmsin qürsünün tamam sәhifәsinin dang yarımı rәs üqdәsinin hәvalisindә mütәkәssif olub, yәni bәistilahi-türk, gün tutulub vә hәmin küsuf gün çıxandan beş saat on üç dәqiqәdә vaqe olub. Әzayi-әncümәn hәzrәtlәrinin hüzuri-mübarәklәrinә әrz olsun ki, küsufun keyfiyyәti vә onun övzaı küreyi-әrzin cәmi biladlarında müxtәlif surәtdә zühr edibdir vә mәhz küsuf nәqşәsinin naziri-möhtәrәmlәrinin ittilaından ötәri, bәndeyi-hәqir o fikirdә oldum ki, bir tәrәfdәn әsәri-pürsәmәri-cәnab fәxamәtnisab, Mirzә Hәsәn xan Nәcmülmülk, әxәvizadeyi-cәnab Hacı Nәcmüddövlәni dәsturil-әmәl mәnzilәsindә tutub, digәr tәrәfdәn heyәt elmindәn әxz vә Şәrq ülәması tәrәfindәn tәsdiq olunmuş kәvakibi-sәyyarәnin hәrәkatının bәyanatından müstәfid olub, millәt balalarına hәmin ülumun fәvaidini ixtisar edibәn növcavanların nәzәri-diqqәtlәrinә tәbliğ edim.
Camaatdan və üzvlәrdәn çoxu mürgülәyir; Zәhra bәyim vә Gülbahar da mürgülәyir.
M i r z ә B ә x ş ә l i (Mirzә Mәhәmmәdәliyә). Buyur, ağa, növbәt sizindir.
M i r z ә M ә h ә m m ә d ә l i (durur ayağa). Fәsli-nozdәhhüm dәr bәyani-küsuf vә xüsuf; yәni ayın vә günün tutulmağı....
Z i v ә r x a n ı m (yavaşca Rüstәm bәyә). Nelzya li sokratit reçi oratorov? [4]
[4] Natiqlәrin nitqini ixtisar etmәk olmazmı?
M i r z ә M ә h ә m m ә d ә l i. Әhval ki, kövkәblәrә ariz ola, haman övzada ki, bir-birinә nisbәtlәri var, әz on cümlә haman әhvaldır ki, qәmәr şәmsә ariz ola vә bir surәtdә ki, qәmәr bir kәsif cinsdir vә afitabdan kәsbi-nur elәyir vә çün....
T e y m u r b ә y. Mәnim qanacağıma görә, bu qәdәr tәfsil vermәyin lüzumu yoxdur.
M i r z ә M ә h ә m m ә d ә l i (hirsli vә ucadan). Necә yәni lüzumu yoxdu?
Camaatın içinә danışıq düşür; bir neçәlәri deyir: "lüzumu yoxdur", bir parası deyir: "qoy sözünü desin"
M ә k t ә b ş a g i r d i b a ş ı n d a p a p a q. Küsuf, yәni afitab giriftәgi on halәt әst ki, qәmәr miyani-afitab hail başәd vә küsuf vaqe olanda hәmin duanı oxuyurlar: bismillahir-rәhmanir-rәhim, rәbbәna atina fiddünya....
Mirzә Bәxşәli, Mirzә Mәhәmmәdәli әllәrini qoyurlar hәmin şagirdin çiyninә.
R ü s t ә m b ә y. (zәngi çalır). Ağalar, әzayi-mәclis xahiş edir ki, bәyanatı tamam edәk vә dәxi danışmağa ixtiyar vermәyәk. Kim buna razıdır, dursun ayağa.
Üzvlәr tәmamәn durur ayağa, Mirzә Mәhәmmәdәli başını bulaya-bulaya gedir oturur yerindә vә bir neçә dәfә deyir: "necә lüzumu yoxdur?".
R ü s t ә m b ә y (zәngi çalır vә bir kağız alır әlinә). Camaat, xahiş olunur acların әrizәlәrinә qulaq verәsiniz. Әrizә müsәlman cәmiyyәti-xeyriyyәsinә Mәşәdi Cәfәr usta Mehdi oğlu tәrәfindәn. Әrizәdә yazılıb ki, "mәn qoca vә şikәst adamam vә on iki nәfәr külfәtim var, yomiyyә çörәyinә möhtacıq; cәmiyyәti-xeyriyyәdәn beş-on manat çörәk pulu istәyirik ki, nә qәdәr canımız sağdır, sizә duaçı olaq".
Haman әrizә sahibi M ә ş ә d i C ә f ә r yeriyir camaatın içinә vә ağlaya-
ağlaya pul istәyir.
R ü s t ә m b ә y. Ağalar, bu barәdә sözü olan danışsın.
T e y m u r b ә y. Mәn elә bilirәm ki, cәmiyyәti-xeyriyyә bu mәsәlәyә indi әl vura bilmәz. Sәbәb budur ki, keçәn iclasda da acların әrizәlәrinә kifayәt verilmәdi vә verilmәmәyinin dә sәbәbi budur ki, cәmiyyәtin sandığında olan pulları zapasnoy fonda qoymaq söhbәti ortalığa qoyulubdur.
R ü s t ә m b ә y. Belә olan surәtdә acların әrizәlәrini bu günkü mәclisdә müzakirәyә qoymaq olmayacaq.
Üzvlәrin bir neçәsi deyir: "xeyr, olmayacaq"; bir neçәsi deyir: "gәrәk müzakirәyә qoyulsun"
R ü s t ә m b ә y (zәngi çalır). Ağalar, acların әrizәlәrinә bu gün kifayәt vermәk istәyәnlәr dursunlar ayağa.
Durur ayağa Zivar xanım vә Münәvvәr xanım.
R ü s t ә m b ә y (Teymur bәy ilә pıçıldaşandan sonra). Camaat, cәmiyyәti-xeyriyyә belә qәrar qoydu ki, acların әrizәsi mövcibincә acların halını yoxlamaq vә onların hәqiqәtdә möhtac olmaqlarını tәhqiq elәmәkdәn ötrü әlahiddә komissiya tәyin olunsun vә bu sәbәbdәn hәmin mәsәlәnin müzakirәsi bundan sonrakı iclasa qalmağı qәrar verildi.
Aclar ağlaşır. Zivәr xanım durur gedir. Mәşәdi Cәfәrә bir gümüş pul verir.
Z i v ә r x a n ı m. Doğrusu, mәnim bu kişiyә yazığım gәlir. Kakoy on jalkiy! İ navernoye qolodnıy [5].
[5] O nә qәdәr zavallıdır! Yәqin ki, acdır.
Qapıda görsәnir Q ә n b ә r, Q u r b a n vә Z a m a n. Qurbanın vә Zamanın hәrәsinin bir әlindә uzun çomaq, bir әlindә dәstmal bağlaması.
Z a m a n (kobud çoban sәsi ilә). Burdadımı o mal hәkimi?
Camaaat üzünü çöndәrir çobanlara tәrәf.
Q ә n b ә r (Zamana). Әdә, heyvan, әdәbli danış. Ağalardan ayıbdı!
R ü s t ә m b ә y (Qәnbәrә). Qәnbәr, bir az dayanın, mәclis qurtarsın, sonra danışarıq. (Üzünü Aslan bәyә tutur, yavaşca). Aslan bәy, bu bizim sәrkarımızdı, o ikisi dә qonşu çobanlarındandı. Dünәn gәlmişdilәr, deyirdilәr ki, qoyunlara bir azar düşüb. Cәmiyyәt dağılandan sonra bir qәdәr ayaq saxla, bәlkә bunlara bir dava deyәsәn.
A s l a n b ә y. Yaxşı, qalaram.
Q u r b a n (acların ağlamağına diqqәt salır vә deyir). A balam, niyә ağlayırsınız?
M ә ş ә d i C ә f ә r. Ay qardaş, vallah, acıq. Üç gündü dilimizә çörәk dәymәyib.
Bunu eşidәndәn sonra Qәnbәr, Qurban vә Zaman bağlamanın birini açırlar vә üç nәfәr acların hәrәsinә bir çörәk vә çörәk üstә yağ qoyub verirlәr.
A c l a r (çobanlara). Ay qardaşlar, allah sizә kömәk olsun, allah atanıza rәhmәt elәsin.
Z a m a n. Nuş-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genә verәrik.
Cәmiyyәt durur ayağa vә acların yemәyinә tamaşa edir. Gülbahar da diqqәt ilә baxır çobanlara.
R ü s t ә m b ә y. Qospoda, zasedaine obyavlyayu zakrıtom [6].
[6] Ağalar, yığıncağı bağlı elan edirәm
Cәmiyyәt әl-әlә verib istәyir çıxa gedә vә sonra yenә qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca bir-birilә öpüşür vә sonra hazırlaşır çıxmağa. Hamının nәzәri çobanların aclara çörәk vermәyindәdir.
R ü s t ә m b ә y. Qәnbәr, Qәnbәr, yavuğa gәl, sözünü de.
Qәnbәr, Qurban vә Zaman gәlir qabağa, Aslan bәyin yanına.
A s l a n b ә y. Yәqin ki, qoyunlarda yara görsәnir.
Q ә n b ә r. Bәli, yaralananı da olur, amma yaranın dilini biz bilmirik; qara nöyüt sürtәn kimi yaxşı olur. Amma qızdırmanın çarәsini bilmirik.
Üzvlәr çobanların danışağına qulaq verir.
A s l a n b ә y (bir qәdәr fikirdәn sonra). Yaxşı, bir mәnә deyin görüm, qoyunun yarasını siz dezinfeksiya elәyirsinizmi?
Q ә n b ә r. Qanmadıq, hәkim ağa.
Q u r b a n. Başa düşmәdik, qurbanın olum.
Z a m a n. O nә sözdür, başına dolanım.
Camaat gülüşür.
A s l a n b ә y. Bir dә mәnә deyin görüm, qoyun yaralananda onun temperaturasını ölçürsünüzmü?
Q ә n b ә r. Qanmadıq, hәkim ağa.
Q u r b a n. Başa düşmәdik, qurbanın olum.
Z a m a n. O nә sözdü, başına dolanım?
Camaat gülüşür.
Q u r b a n. Hәkim ağa, yaraynan sәnin işin yoxdur, yaranın dilini biz özümüz bilirik. Keçәn hәftә qumral kәrә qoyunu canavar yaralamışdı; bax, yarası belә kalafa kimi idi. Qara nöyüt sürtdük, iki gündә yaxşı oldu.
Camaat vә Gülbahar diqqәt ilә qulaq asır.
Bәnöyüş qaraüzü canavar iki hәftә bundan qabaq yaralanmışdı; onu da qara nöyütnәn yaxşı elәdik. Keçәn gün Hacı Әmrahgilin sürüsündәn sarı әbrәş qoyunu genә canavar dağıtmışdı; ona da qara nöyüt sürtdülәr. Sәnin yaraynan işin yoxdu. Bilirik, sәn yaxşı hәkimsәn; sәn bu şoqәrib qızdırmaya bir dava ver, ya bizә bir mәslәhәtli söz de. Bir dә sәni and verirәm allaha, biznәn elә danış ki, başa düşәk; yoxsa biz çöldә böyümüş çobanıq. Sәn bir dava ver, qoyun qızdırmadan ölmәsin. Odu, bir ayın içindә bizim sürüdәn iyirmi qoyun qızdırmadan qırıldı; sarı kәrә dünәn bizim sürüdәn qızdırıb öldü. Zamangilin sürüsündәn dünәn yox, irәliki gün bir qara bәnöyüş, bir dә sarı qaraüz azarladı vә murdar oldu. (Zamana). Әdә, Zaman, niyә dinmirsәn? (Aslan bәyә). Sәn bu qızdırmaya bizә bir dava ver, yoxsa belә getsә, evimiz yıxılar. Sәn bizә rәhm elә, biz dә sәnin yolunu boş qoymanıq, hәrdәn bir yağdan, şordan gәtirrik, uşaqlar yeyәr; ağ yavannıq pis deyil. Bilirәm, şәhәr yeridi, qonaq-qaranız olur.
A s l a n b ә y (Rüstәm bәyә әl verib gedir vә çobanlara deyir). Yaxşı, gәlәrsiniz retsept yazaram.
Çobanlar mәәttәl qalıb, bilmirlәr nә elәsinlәr. Camaat hamı başlayır gülә-gülә dağılmağa.
(Otaqda qalır Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid. Bunlar üçü dә yavıqlaşırlar Gülbaharın yanına).
R ü s t ә m b ә y. Hı, bacım, gördün Aslan bәy nә yaxşı danışır?
Mirzә Mәhәmmәdәli narazı başını bulayır.
G ü l b a h a r. Xeyr, dadaş!
Z ә h r a b ә y i m (Gülbahara). Ay qız, Aslan bәy danışanda sәn yuxulamışdın. Maşallah, yaxşı danışdı.
Rüstәm bәy çәkilir kәnara. Sәmәd Vahid gәlir qabağa.
S ә m ә d V a h i d. Gülbahar, gördün Hüseyn Şahid nә gözәl әşar söylәdi?
Gülbahar bәrk gülür, buna baxıb Mirzә Mәhәmmәdәli dә gülür. Sәmәd Vahid dә çәkilir kәnara vә Gülbahar gülmәkdәn sakit olub deyir.
G ü l b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mәn bir söz başa düşmәdim. (Çıxır gedir içәri otağa).
R ü s t ә m b ә y (gәlib durur Zәhra bәyimin qabağında vә acıqnan deyir). Ana, dәxi bundan sonra qızını kimә istәyirsәn ver. Mәnim dәxi işim yoxdur.
M i r z ә M ә h ә m m ә d ә l i (Rüstәm bәyә). Söz yox ki, Aslan bәy kimi әhmәqlәrә getmәkdәnsә, Gülbaharın evdә qalmağı mәslәhәtdir.
R ü s t ә m b ә y (çox ucadan Mirzә Mәhәmmәdәliyә). Axmaq-axmaq danışma!
M i r z ә M ә h ә m m ә d ә l i (bu da ucadan). Danışacağam!
S ә m ә d V a h i d (bu da ucadan). Әdәbsizlәr! Әvәt, әdәbsizlәr!
(Üçü dә bir-birinә çox hirslә baxa-baxa çıxıb gedirlәr. Zәhra bәyim tez durur ayağa vә oğlanlarının dalınca yalvara-yalvara).
Z ә h r a b ә y i m. Sizә gәlәn qada-bala mәnә gәlsin, ay balalarım, savaşmayın! (Qoltuğundan bayazını çıxardıb, qalxızır yuxarı. Oğlanları uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerindә. Bayazını yenә qoyur qoltuq cibinә vә dәrin fikrә gedir).
P ә r d ә s a l ı n ı r.
ÜÇÜNCÜ MӘCLİS
Rüstәm bәyin kabineti. Zәhra bәyim vә Gülbahar oturublar öz yerlәrindә. Qapıda durublar Qәnbәr, Qurban vә Zaman.
Q ә n b ә r. Xanımlar, biz mәәttәl qaldıq, bilmәdik bu mal hәkimindәn qoyunlara dava olacaq, ya yox?!
G ü l b a h a r. Niyә gedib soruşmursan?
Q ә n bә r. Xanımcan, bilmirәm harda olur.
G ü l b a h a r. Rüstәm dadaşım bilәr. Niyә tәlәsirsiniz, gözlәyin gәlsin, soruşun.
Q u r b a n. Xanımcan, qoyunlardan nigaranıq.
G ü l b a h a r. Qәnbәr, dünәn sәn mal hәkiminnәn danışanda mәn qulaq asırdım; qoyunların adı çox mәzәli idi. Necә, necә? Qumral qaragöz? (Gülür).
Çobanlar utanırlar vә başlarını aşağı salırlar.
Q ә n b ә r. Xanımcan, bizim sürüdә yüz әlli qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz әlli adam ola, hәrәsinin dә ayrı-ayrı adı ola. (Gülbahar gülür. Zәhra bәyim qulaq asır). Bu adları qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar hәmişә nәzәrimizdә olsun vә onların birisi sürüdәn çıxmış olsa, o dәqiqә bilәk vә dalıyca olaq. İndi, mәsәlәn, mәnim qoyunlarımı gәtirәlәr mәnim gözümün qabağına vә imtahan üçün sürüdәn bir qoyun çıxardalar; mәn sürüyә bir belәcә baxan kimi (gözünü dolandırır o tәrәf-bu tәrәfә) bilәcәyәm ki, mәsәlәn, çal әbrәş qoyun sürüdәn çıxıb: ya oğurlayıblar, ya canavar dağıdıb.
G ü l b a h a r (Qәnbәrә yavıqlaşır). Dayan, dayan. Qәnbәr, sәn allah bir mәni başa sal. Çox әcәb, indi, mәsәlәn, tutaq ki, bir saatlığa sürünü gәtiriblәr bura, sәn dә baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun deyil. Özün deyirsәn yüz әlli qoyundu; özü dә canlı heyvandı, bir yerdә duran deyil; qarışqa kimi qaynaşır bir-birinә. Sәn nә tövr bilәcәksәn ki, bunun içindәn hansı qoyun yoxdu. Hamısı da bir-birinә oxşayır. Sәn allah, Qәnbәr, nağıl elә.
Çobanlar gülüşür.
Q ә n b ә r. Xanımcan, bax, mәsәlәn, Qurban gedir durur qoyunların bir tәrәfindә, Zaman da gedir durur bir tәrәfindә--ki, qoyunlar dağılmasın.--Alıram ağacı әlimә (Qurbanın әlindәn çomağı alır) vә başlayıram qoyunları yoxlamağı: qara kәrә, tayın görmәk gәrәk; qumral kәrә, tayın görmәk gәrәk; sarı kürә, tayın görmәk gәrәk, qumral kürә, tayın görmәk gәrәk; bәnöyüş kәrә, tayın görmәk gәrәk; qumral әbrәş, tayın görmәk gәrәk; ağ qaraüz, tayın görmәk gәrәk; bәnöyüş әbrәş kürә, tayın görmәk gәrәk; sarı kәrә, qara kәrә, çal kәrә, ağ kәrә, boz qumral kәrә, hanı boz qumral kәrә? Әdә, Qurban, hanı boz qumral kәrә? Әdә, Zaman, yoxdu boz qumral kәrә; Zaman, Qurban, Salman, boz qumral kәrә yoxdu. (Bayatı havası ilә oxuyur). Çal kәrә, maral kәrә, haradasan boz qumral kәrә, boz qumral kәrә, boz qumral kәrә ... ey vay ... ey....
(Çobanlar gülür, Gülbahar da heyran-heyran baxır vә dәsmalı ilә gözünün yaşını silir).
G ü l b a h a r. Qәnbәr, indi sәn bildin boz qumral kәrә yoxdu?
Q ә n b ә r. Bәs necә bilmәdim? Bildim ki, boz qumral kәrә yoxdu.
G ü l b a h a r. İndi nә elәyәcәksәn? Qoyun sürüdәn yox olanda nә elәyirsiniz?
Q ә n b ә r. Xanımcan, bizim qoyunçuluq bir tәrәfdәn gözәl peşәdi. Hәmişә gәzdiyimiz vә yaşadığımız yerlәr, çәmәnlәr, lalәli vә çiçәkli dağlar, daşlar; içdiyimiz nәdir? Bulaq suları vә pak qoyun südü. Amma bu heyvanın yox olmağı, üzdәniraq, elә bir dәrddir ki, elә bil, bir külfәtdәn bir övlad yox olub.
G ü l b a h a r. Yәni çoxmu dәrd elәyirsiniz?
Q ә n b ә r. Xanımcan, elә olur ki, ağlayırıq da; çünki söz bir qoyunun qiymәtindә deyil ki, üç, ya beş manatdı. Amma deyәndә ki, boz qumral kәrә yoxdu, elә bilirik bu boz qumral kәrә bizim qardaşımız idi, yainki bir әziz yoldaşımız idi. Xanımcan, and olsun allaha, keçәn ay sarı әbrәş kәrәni canavar dağıdanda Zaman bir gün axşama kimi tütәk çaldı, mәn axşama kimi bayatı deyib ağladım.
(Qolu ilә gözünün yaşını silir).
Gülbahar dәsmalını basır gözünә, girir içәri otağa. Rüstәm bәy çöldәn girir içәri. Zәhra bәyim dә gedir içәri otağa.
R ü s t ә m b ә y (Qәnbәrә). Qәnbәr, hәlә buradasınız?
Q ә n b ә r. A bәy, elә davadan ötrü qaldıq, bilmәdik mal hәkiminnәn qoyunlara dava olacaq, ya olmayacaq?
R ü s t ә m b ә y. Niyә gedib soruşmursan? Mal hәkiminin evi bazar başında, karvansaranın yanında, Hacı Qasım bәyin evindәdir. Get hambaldan-zaddan soruş, tap. Mәәttәl olmuyun, gedin.
Qәnbәr vә çobanlar çıxırlar. Rüstәm bәy yazıya mәşğul olur. Çöl qapıdan girir içәri M i r z ә M ә h ә m m ә d ә l i, dalınca bir h a m b a l. Mirzә Mәhәmmәdәli gedir kitablarını yığışdırır sandığa ki, versin hambala. Z ә h r a b ә y i m, qorxa-qorxa başını qapıdan uzadır içәri vә Mirzә Mәhәmmәdәlinin yığşmağını görәndә, gәlib durur onun yanında.
Z ә h r a b ә y i m. Bala, bunu hara yığışdırırsan? (Mirzә Mәhәmmәdәli cavab vermir vә kitablarını yığışdırır). Olmaz, olmaz! Deyәsәn buradan köçmәk istәyirsәn? Qoymanam, qoymanam, özümü öldürrәm! (Qoltuğunu eşәlәyir, bayazını çıxardır). Olmaz, köçmәk olmaz! Siz burda hamınız bir yerdә yazılmısınız, ayrıla bilmәzsiniz; yoxsa vallah bağrım çatlar! (Üzünü çöndәrir Rüstәm bәyә)). Rüstәm, bala, qoyma getsin. Burada hamınız bir yerdә yazılmısınız, qoymanam ayrılasınız.
Çöl qapıdan S ә m ә d V a h i d, dalınca bir hambal girirlәr içәri; Sәmәd Vahid dә gәlir, kitablarını yığışdırır.
Z ә h r a b ә y i m (Sәmәd Vahidә). Sәmәd, bala, sәn nә qayırırsan? Niyә bunları yığışdırırsan? Yoxsa sәn dә köçmәk istәyirsәn? Buy, evim yıxıldı! Aman allah, mәnim başıma kül әlәnsin! Allah, mәni öldür, öldür, öldür! (Ağlaya-ağlaya girir içәri).
Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid Zәhra bәyimә qulaq vermәyib yığışmaqdadırlar. Bu heyndә çöl qapıdan girir içәri S e n z o r M i r z ә C ә f ә r b ә y, yanında bir nәfәr p o l i s m ә m u r u vә i k i n ә f ә r p o l i s f ә r r a ş ı. Üç qardaş çәkilib dururlar öz yerlәrindә, hamballar çәkilir kәnara. İçәri otaqdan, qapının arasından G ü l b a h a r baxır vә çöl qapıdan
Q ә n b ә r baxır.
S e n z o r. Hәzәrat, hökumәtin qәrardadı mocibincә biz tәyin olunmuşuq ki, burada üç qardaşın, yәni (papkasından bir kağız çıxarıb baxır) Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahidin mәnzilini axtaraq, kitabxanalarını müayinә edәk, siyahiyә götürәk, mәzmunlarını bilәk vә hökumәtә çatan bәzi şayiatı tәftiş vә tәhqiq edib, bu barәdә bәratülqovl yazaq vә hökumәtin baş senzorxanasına pişnәhad edib, bizә mühәvvәl olunan mәmuriyyәti sәdaqәtlә yerinә yetirәk. Burada olan әşxasdan xahiş olunur ki, nә bir yerә tәrpәnsinlәr vә nә dә buraya sair bir adam qoysunlar.
R ü s t ә m b ә y. Bәli, nә sözümüz ola bilәr.
M i r z ә M ә h ә m m ә d ә l i. İxtiyar sahibisiniz.
S ә m ә d V a h i d. Şayәd belә icab edәr.
S e n z o r. Cәnab Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid.... (kağıza baxa-baxa) xahiş edirәm familiyanızı da buyurasınız.
R ü s t ә m b ә y. Rüstәm bәy Әbdülәzimof.
M i r z ә M ә h ә m m ә d ә l i. Mirzә Mәhәmmәdәli xәlәfi-mәrhum Ağa Әbdülәzim.
S ә m ә d V a h i d. Әbdülәzimzadeyi Sәmәd Vahid.
S e n z o r. Xub, sizdәn gәrәk pünhan olmaya ki, sizin bir para bәdxahlarınız hökumәt nәzәrindә sizi belә qәlәmә veriblәr ki, siz üç qardaş söz bir vә hәmfikir olmusunuz ki, әvvәla, Rusiya islamlarını Türkiyә dövlәtinә tәrәf çәkib, ittihadi-müslimin cәmiyyәtinә iştirak edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda әmәlә gәlәn Hübbi-vәtәn vә Әdәmi-mәrkәziyyәt firqәsinin amalı yolunda çalışmaqdasınız ki, bir tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını--ki, ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә--bu vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz vә salisәn bu fikirdәn dә uzaq deyilsiz ki, müsavat vә hürriyyәt әsaslarını kәndli vә әhli-kәsәbә içindә müntәşir edirsiniz ki, min il yuxuda olan camaat hökumәtin әsarәt zәncirini qırıb, özlәri üçün bir nicat yolu tapsınlar vә hәmin niyyәtlәrinizi әmәlә gәtirmәk yolunda lazımi mәtbuat cәm elәyib, qәlәm ilә çalışmaqdasınız. Mәhz bu sәbәbdәn siz üç qardaşın cәmi kitablarını bu saat gәrәk tәftiş edәk. Cәnab Rüstәm bәy, әvvәl siz öz kitablarınızı nişan veriniz.
Rüstәm bәy öz kitablarını nişan verir. Senzor bir-bir kitabları çıxardır, açıb baxır vә polis mәmuru oturub, senzor baxdığı kitabları siyahı edir.
S e n z o r (rusca da, müsәlmanca da oxuyur):
Slovar russkoqo yazıka--Rus dili lüğәti, bir cild.
Slovar russkoqo yazıka Dalya, 3 toma--rus lüğәti.
Bolşaya ensiklopediya, 2 toma--Rus dilindә böyük qamus, iki cild.
Slovar inostrannıx slov v russkom yazıke--Rus dilindә әcnәbi lüğәt.
Slovar velikorusskoqo yazıka--Genә rus lüğәti.
Malaya ensiklopediya--Rus dilindә kiçik qamus.
Russko-slavyanskiy slovar--Rus vә slavyan lüğәti.
Slavyano-russkiy slovar--Slavyan-rus lüğәti.
Sokraşennıy ruskiy slovar Nikitina--Genә rus lüğәti.
Tolkovaniye serbskix slov, voşedşix v russkiy yazık--Serb vә rus lüğәti.
Mirzә Mәhәmmәdәli başını bulamaq ilә narazılığını bildirir.
Malorossiyskiy slovar--Genә rus lüğәti.
Sravnitelnoye tolkovaniye bolqarskix slov--Rus-bolqar lüğәti.
Russko-bolqarskiy slovar--Rus-bolqar lüğәti.
Moldavo-russko-çeşskiy slovar--Genә rus lüğәti.
Medisinskiy slovar--Rus dilindә müalicә lüğәti.
Yujno-velikorusskiy slovar--Velikorus lüğәti.
Russko-rumınskiy slovar--Rus-rumın lüğәti.
Texniçeskiy slovar--Rus dilindә sәnәt lüğәti.
Filosofskiy slovar--Filosofiya lüğәti.
Polnıy slovotolkovatel Zimina--Zimin lüğәti.
İssledovaniye drevnix russkix slov po letopisi Nestora--Nestorun lüğәti.
Yenә Mirzә Mәhәmmәdәli narazılığını büruzә verib, başını bulayır.
Slovar Solovyeva--Solovyovun lüğәti.
Vostoçno-russkiy slovar--Şәrqi-rus lüğәti.
Zapadno-russkiy slovar--Qәrbi rus lüğәti.
Akademiçeskiy slovar--Akademiya lüğәti.
Drevnerusskiy slovar--Qәdim rus lüğәti.
Rüstәm bәyin kitabları qurtarır.
S e n z o r. Buradakı kitablar tamam oldu. Dәxi bundan savayı bir yanda kitabınız varsa, nişan veriniz.
R ü s t ә m b ә y. Xeyr, dәxi bundan savayı mәnim kitabım yoxdur.
S e n z o r. Xub, bunlar cәmisi rus lüğәtlәridir. Bunlardan bizim üçün bir mәtlәb hasil olmadı. Bunları yığışdırın qoyun yerinә. Pәs sizin müsәlman kitabınız mәgәr yoxdur?
R ü s t ә m b ә y. Xeyr, yoxdur.
S e n z o r. Heç biri dә?
R ü s t ә m bәy. Heç yarısı da.
S e n z o r. Sәbәb nәdir? Hә, Hә, bağışlayınız, yәqin ki, siz darülfünun qurtarmısınız!
R ü s t ә m b ә y. Bәli, ağa.
S e n z o r. Xub, pәs siz nә işә mәşğulsunuz?
R ü s t ә m b ә y. Mәn lüğәt yazıram.
S e n z o r (Mirzә Mәhәmmәdәliyә). Cәnab Mirzә Mәhәmmәdәli, şayәd siz ittihadi-müslimin mәşqinә düşübsünüz ki, İran vә Rusiya azәrbaycanlılarından bir müstәqil hökumәt әmәlә gәtirәsiniz vә bu qәsd ilә qardaşlarınız ilә bir ittihad bağlamısınız. Xahiş edirәm, siz dә öz kitablarınızı nişan verәsiniz.
M i r z ә M ә h ә m m ә d ә l i (Hәr iki әli ilә kitab sandığını nişan verir). Ağa, buyura bilәrsiniz, bu da mәnim kitablarım.
S e n z o r (bir-bir kitabları alır әlinә, baxır). Xub, bu nәdir? Bәli, Kitab dәr bәyani-küsufi-külli, yәni günün tamam tutulmağının duaları (polis mәmuru yazır). Kitab dәr bәyani-әhvәlati-küsufi-cüzi, yәni günün yarımçıq tutulmağının әhvalatı (polis mәmuru yazır). Keyfiyyәti-xüsuf vә küsuf; ayın vә günün tutulmağı (polis mәmuru yazır, senzor o biri kitabı oxuyur). Mütәvәssit şüdәni-afitabi-miyani-övci-qәmәr vә mәrkәzi-tәdviri-u vә bәyani-tәfsilati-xüsuf vә küsuf (polis mәmuru yazır, senzor o biri kitabı götürür). Giriftәciyi qәndili-İsa, yәni afitabi-alәmtab, yәni günün tutulmağının duaları, (polis mәmura yazır, senzor o biri kitabı götürür). Kitab dәr bәyani-әhvali-ki, zәmin miyani-mah vә afitab hayil şәvәd, yәni bәyani-hali-xüsuf vә onun hökmlәrindәn danışır ki, xudavәndi-alәm tәrәfindәn bәndәlәrә tövsiyә olunubdur (polis mәmuru yazır, senzor o biri kitabı götürür). Keyfiyyәti-küsuf vә övzai-on nisbәt bәbiladi-müxtәlifә; demәk, bu da günün tutulmağından danışır (polis mәmuru yazır, senzor o biri kitabı götürür). Övzai-kәvakib dәr mәqami-ittifaq şüdәni-küsuf vә xüsuf vә tәklifi ki, bebәndәgai mühәvvәl şüdә әst; demәk, bu da ayın vә günün tutulmağından vә onun ibadәtlәrindәn danışır (o biri kitab), Nәqşeyi-xüsufi-külli, yәni ayın tamam tutulmağının nәqşәsi (o biri kitab), Xәtti-xüsufi-cüz dәr afaqi-mәrkәzi; xülasә, bu da ayın tutulmağından danışır. Vәssәlam, dәxi kitabınız yoxdu?
M i r z ә M ә h ә m m ә d ә l i. Xeyr, ağacan, dәxi bunlardan savayı kitabım yoxdur.
S e n z o r. Bağışlayasınız, sizin sәnәtiniz nәdir?
M i r z ә M ә h ә m m ә d ә l i. Bәndә xüsuf vә küsuf duası yazıram, özüm dә cәmiyyәti-xeyriyyәdә elmi-ilahi müәllimiyәm.
S e n z o r. Cәnab Rüstәm bәy vә Mirzә Mәhәmmәdәli, hökumәti-әliyyәnin politikasına xәtәr yetirәn mәtlәblәr sizin ikinizin dә kitablarından tapılmadı. Yәqin ki, olsa Sәmәd Vahid cәnablarında olacaq. (Sәmәd Vahidә). Yәqin ki, sizin kitablarınız bunlardır?
S ә m ә d V a h i d. Bәli, ağa.
S e n z o r (bir kitabı götürub oxuyur).
Zavallının işi çoqdur zaman bulub gәlәmәz,
Gedib dә söylәmәmişsә, nә haldasan bilәmәz.
M i r z ә M ә h ә m m ә d ә l i (öz-özünә). Pәh-pәh, lәzzәt apardıq.
S e n z o r. Demәk, bu hamısı şerdir?
S ә m ә d V a h i d. Әvәt, hәpsi әşardır.
S e n z o r (o biri kitabı götürüb oxuyur).
Köksündәn qalqar, topuqdan salqar,
Kәndini içә saqın, iç çәngәlә taqar.
Güc ilә әgәr Misri,
