- •Məmməd əmin rəsulzadə
- •Müəllifdən
- •Şərq İslam Mədəniyyətinin Üç Ortağı
- •Şərq İslam Mədəniyyətinə Mənsub Şəxsiyyətlər üçün Keçirilən Yubileylər
- •Şərq İslam Mədəniyyətində Azərbaycanın Rolu
- •Türk hakimiyyəti altında fars ədəbiyyatı
- •Azərbaycan xıı əsrdə
- •Forma və məzmun
- •Nizaminin yaradıcılığı
- •Nizami Azərbaycan şairi
- •Unudulmuş Nizami
- •Nizamiyə borcumuz
- •Birinci hissə Nizami kimdir?
- •Nizaminin tərcümeyi-halı
- •Şairin Azərbaycan hökmdarları ilə münasibətləri
- •Nizami öz gözü ilə
- •Nizaminin dünya ədəbiyyatındakı mövqeyi
- •İkinci hissə nizaminin beş kitabi
- •Məxzən-ül-əsrar
- •Xosrov və Şirin
- •Leyli və Məcnun
- •Üçüncü hissə nizami mövzulari baximindan
- •Nizami mövzulari
- •Nizamidə farslıq
- •Nizamidə türklük
- •Nizamidə Qafqaz
- •Nizaminin ruslar haqqında
- •Nizaminin qadına münasibəti
- •Mövzulardan çıxan nəticə
- •Dördüncü hissə nizamidə sənət və ideologiya
- •Nizami şerinin özünəməxsusluğu
- •Nizami sənətinin başlıca mənbəyi
- •Nizami yaradıcılığının təkamülü
- •Nizaminin həyata və insana münasibəti
- •Nizamidə eşq fəlsəfəsi
- •Nizaminin dinə münasibəti
- •Və ictimai idealı
- •Nizaminin dövlət haqqında görüşləri
- •İdeal hökmdar İskəndər
- •Və onun möcüzəsi
- •Nizamidə türk sözləri
- •1/ Əvvəle-şəb Aytəkin vuşaq amədim, leyk
Nizami öz gözü ilə
Hər kəs üçün birər inci işlədim,
Özümə də bir qəsidə söylədim.
N i z a m i
“Özü”ndən məqsəd şairin ədəbi və mənəvi mənliyidir. “İskəndərnamə”də Allaha yalvararkən, “can” adlandırdığı bu mənliyi böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa çevriləcəyini bilən həkim sənətkar özünü əbədiləşdirmək ümidilə “can”ını öz nəzmindən olan bir qəlibə qoyaraq demişdir: “Ey Tanrı, Sənin əbədi varlığını isbat etmək üçün cana sinən çoxlu parlaq dəlillər gətirdim, nə olardı ki, Sən də mənim mənliyimin əbədiliyini bildirəydin!”130
Bu mənlikdən şair klassik ədəbiyyatda geniş yayılmış və işlədilən “öyünmə üslubu” /”Fəxriyyə” - red./ ilə poemalarının müxtəlif yerlərində öz vəziyyətini təsvir edərkən bəhs etmişdir.
Başqalarının “mənlik” və şəxsiyyətlərindən bəhs edərək işlətdiyi üslubu Nizami öz “fəxriyyə”lərində eyni şəkildə işlətmişdir.
Klassik ədəbiyyatda “dür deşmək” deyilən məcazi bir ifadə vardır. “Dür deşmək” incə, iti, bakirə ifadələrdə şer yazmaq deməkdir.
Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar üçün bir-bir dürlər deşən Nizami özünü də unutmamışdır.131
Gözəl misra, mənalı söz, dərin və iti məzmunlu təşbihlərlə dolu daş-qaş dükanından ibarət olan “Pənc-gənc”in qiyməti ölçülə bilməz məsnəvilərində səpilmiş bu “dürr”lərdən (inci) seçilmiş sətirlərini bir sapa düzsək, dünyanın ən məşhur brilyant boyunbağılarından daha qiymətli bir təsbeh hasil olar.
“Sirlər xəzinəsi”ni yazdığı zaman şair hələ gənc idi, yaşı iyirmiyə yeni çatmışdı. Öz sözləri ilə desək, o, hələ açılmamış bir “qönçə” halında idi. Amma bu “qönçə” açılmasını tamamlayacaq “şimal küləyini” gözləyirdi və açılan zaman etdiyi təsiri də yaxşı bilirdi. O bilirdi ki, düşündüyü yeniliyi göstərdikdə, qiyamət şeypuru çalınacaqdır, çünki “köhnədən, yenidən nə varsa” hamısı bu “cadusözlü” adamda mövcuddur. O, əmin idi ki, onun “sənəti cadunu kölgədə qoymuş və sehr ilə əfsunu mələkləri belə çaşdırmışdır”.132
Nizami müzəffəranə bir əda ilə öyünərək bildirir ki, “şer mənim sayəmdə tüfeylilikdən çıxaraq, müstəqil təkyə sahibi oldu, zahid və rahiblər öz xirqə və zünnarlarını atıb mənə qoşuldular”.133
“Məxzən-ül əsrar”ı Anadoluya (Ərzincana) göndərənə qədər Nizami “şəhrbənd” (məhbus) olduğu Gəncə ilə Arran mühitində qəsidə və qəzəl kimi xırda şer parçaları ilə tanınmış, məhəlli miqyaslı bir şair idi. Lakin “Sirlər xəzinəsi” geniş yayıldıqdan sonra, “Xosrov və Şirin”i yazarkən onun içərisindən bir ruh ona müraciət edir: “Gəncə hara, sən hara?”. Həmin ruh onu “geniş dünya sahəsinə atılmağa” təşviq edir və “sənin dövründə sənin kimi bakirə söz söyləyən heç kimsə yoxdur” – deyə şairi “Humay quşu kimi üfüqlərə kölgə salmağa” çağırır. “Çünki sən, – ruh davam edir, – Şərq və Qərbə günəş kimi bəlli bir ruhsan”.134
Yaşadığı dar mühitdən o zamankı İslam Şərq mədəniyyətinin yayıldığı geniş dünyaya çıxan şair qazandığı müvəffəqiyyətin ona verdiyi haqlı bir cəsarətilə öz əhəmiyyətini daha dərindən duymağa başlayır. “Barmağım toxunarsa, heç kimdə yazıçılıq cəsarəti qalmaz”135 – deyən Nizami öz böyüklüyünə və bütün şairlərdən, hətta Firdovsidən də üstün bir şair olduğuna işarə edir.
“Söz kimyasına hakim iki ustad köhnə dəyərləri təzələdilər; biri misdən gümüş, o biri isə gümüşdən kamil qızıl yaratdı. Misin gümüş olduğunu gördünsə, gümüşün qızıl olmasına təəccüb etmə!”136
“Xosrov və Şirin”i yaratmaqla qazandığı böyük şöhrəti, Şirvanşahın sifarişilə “Leyli və Məcnun” mövzusunu işləyib başa çatdırdığını görən şair “söz meydanının özünə qaldığını” hiss edir və dünyaya meydan oxumağa başlayır:
Meydan-e soxən mərast emruz
Beh z-in soxən kerast emruz
Mənası:
Söz meydanı bu gün mənimdir
Mənimkindən yüksək şer kimindir?!
Eşq əfsanəsilə ehtiraslı dastan növünün yaradıcısı olan şair öz yaradıcılığının orijinallığını yaxşı bilirdi. Heç kimə möhtac olmadan və “ehtişamını öz xəzinəsindən təmin edən” şair vəziyyətindən razıdır. “Təbinin bülbülü ancaq öz şerinin açdığı gül üzərində” ötmüşdür.137 Özündən daha yaxşı bir gül ağacı tapa bilməyən şair “güllərini yalnız öz gül ağaclarından” dərmişdir.138 Heç kəsdən o, bir şey borc almamış, könlü nəyi istəmişsə, ancaq onu söyləmişdir.139 “Zəmiri (yəni təbi) müqəddəs Məryəm ana kimi bakirə olmağına baxmayaraq, hamilə olmuşdur”140. Aşiq də, məşuq da o özüdür141.
Söz yaratmaq sehrində kamil olduğu üçün Nizami öyünür ki, ona “Qeybin güzgüsü” deyirlər. Onun “dil fəsahəti İsa peyğəmbərin möcüzəsinin sehrinə malikdir: “Şerin suyu onun arxından axmış və şöhrəti də onun dövründə ucalmışdır”.142
“Xəmsə”yə daxil olmayan parçalarının birində Nizami özü haqqında yazdığı “fəxriyyə”də özünü “Fəzilətin şahlar şahı” və “sözün xaliqi (yaradanı)” elan edərək deyir:
“Soxən əz mən afəride ço fotovvət əz morəvvət
Honər əz mən aşekara ço təravət əz cəvani”.143
Çox sevdiyi oğlu Məhəmmədə verdiyi məsləhətlərdən birində Nizami ona təbabət ilə fiqh (hüquq) elmlərini öyrənməsini tövsiyyə edir. O, oğlunu şairliyə təşviq etmir və ona deyir: “bilirəm, şer yazmaq iqtidarın var, şer yaza bilirsən, amma ən yaxşısı budur:
Sən şerdən gözləmə şöhrət və nam
Çünki Nizamidə o olmuş tamam.144
Məhəmməd Həzrətləri peyğəmbərlərin sonuncusu olduğu kimi, Nizami həzrətləri də şairlərin sonuncusudurmu? Islam dini qiyamət gününə qədər qalacağı kimi, şer də qiyamətə qədər Nizami üslubunu aşa biləcəkmi?!
Deyəsən, belə də olacaqdır!
Son əsəri olan “İskəndərnamə”də Nizami eynilə aşağıdakıları yazmışdır:
Bemən çon kereft esteqamət soxən
Qiyamət konəd ta qiyamət bemən.145
IV
