Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Irevanskoe_hanstvo_-1747-1828.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
5 Мб
Скачать
☆

İkinci İrəvan döyüşü

Osmanlı qoşununun məğlubiyyəti Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətini daha da genişləndirdi. Rus qoşununun hədəfə aldığı xanlıqlardan biri də İrəvan xanlığı idi. Qacar İranı ilə müvəffəqiyyətsiz danışıqlara baxmayaraq, rus qoşunlarının baş komandanlığı İrəvan xanlığına hücum etmək üçün 1808-ci ilin bütün qışını hərbi hazırlıq görməyə başladı. Lakin yazda nəzərdə tutulmuş yürüş müəyyən səbəblərə görə bir qədər gecikdi. Nəhayət, 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbər yerli əhalini bərk təşvişə salmışdı. Qorxuya düşən irəvanlılar kəndlərini başlı-başına buraxaraq qalalara, əlçatmaz dağlara və Araz çayının cənubuna çəkildilər (276,40). S.A.Portnyaginin 1808-ci ilin martında İ.V.Qudoviçə göndərdiyi məktubda rus qoşunlarının hücumu ərəfəsində xanlıqda baş verən hadisələri daha ətraflı təsvir etmişdi. O, əhalinin qala və dağlarda gizləndiyini qeyd edərək açıq yazırdı ki, sərhəddə yaşayan əhali İrəvan qalasına, Zəngibasar əhalisi Qaraqala qalasına, Gərnibasar əhəlisi isə isə İmamverdi qalasına sığınmışdı (326,453-454). Öz növbəsində İrəvan hakimi Hüseynqulu xan müəyyən müdafiyə tədbiri görə bilmişdi. O, İrəvanda hakimiyyətə gələn kimi, qalanın müdafiəsini gücləndirərək, Zəngi çayından başlayan qala ətrafında olan xəndəyi daha da dərinləşdirmiş və qalanın qarnizonunu əlavə qoşunla artırmışdı (361,232; 326,456). Fransız mühəndisləri buraya gəldikdən sonra İrəvan qalası Avropa qaydasıilə möhkəmləndirilmişdi. Bunun şahidi olan qraf Qudoviç yazırdı: «İrəvan qalası Avropa hərbi qaydaları üzrə möhkəmləndirilmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi vardı. Təpənin üstünə əvvəllər burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən kirteçlə işləyən toplar qoyulmuşdu. İrəvanlılar fuqas bombalarından istifadə edirdilər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin bəhrəsidir» (106,254). İrəvan qalasının hərbi cəhətdən möhkəmləndirilməsində fransız mühəndislərindən başqa rus qoşunundan qaçmış podpolkovnik Koçnev də fəal iştirak etmişdi (326,463). Bundan əlavə, Hüseynqulu xan öz əmlakının təhlükəsizliyinin də qayğısına qalmışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az bir hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı (326,462-463). Bu vaxt şah qoşununun bir hissəsi İrəvan yaxınlığında Şorlu kəndində düşərgə salmışdı. Xanın əmri ilə rus qoşununun hərəkətini izləmək üçün 600 nəfərlik İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə Sudakənd kəndində keşik çəkirdi. Əli silah tutan yerli əhali orduya cəlb olunurdu. Hüseynqulu xan kəndlərə adamlar göndərərək silahlı qüvvə toplamağa başlamışdı. Onun 6000 silahlı süvari dəstəsi vardı. Xan maldarlıqla məşğul olan kürdləri də öz tərəfinə çəkməyə cəhd göstərdi. Lakin onların rəisi Hüseyn ağa əvvəl razılıq versə də, sonradan gözləmək mövqeyində qaldı. O, qalib gələn tərəfə qoşulmaq niyyətində idi (326,453-454). Hətta Abbas Mirzə 4000 süvari dəstə ilə Xoydan Naxçıvana gələrək burada duşərgə salmışdı. Hüseynqulu xan şahzadə ilə əlaqə yaradaraq rus qoşununun Pəmbəyə gəlməsi haqqında onu məlumatlandırmışdı (326,453-454).

Qraf Qudoviç Pəmbək və Şuragöldə lazımi qədər qüvvə saxlayaraq sentyabrın 25-də 6 minlik qoşun və 12 top ilə İrəvan qalasına doğru hərəkət etdi (304,412). Başqa bir məlumata görə, rus qoşunu 240 zabit heyətindən və 7506 sıravi əsgərdən ibarət olmuşdu (150,20). Rus komandanlığı şah qoşunun diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı hazırlamışdı. Bu planı Qarabağda Tərtər çayı sahilində dayanmış general Nebolsin icra etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı. Bu qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu (276,240).

Sentyabrın 26-da rus qoşunu dağıdılmış Abaran kəndinə gəlib çatdı. Onların hərəkətini izləyən 500 nəfərlik İrəvan dəstəsi əkin sahələrini və bir neçə kəndi yandıraraq döyüşsüz geri çəkildi. Düşmən qüvvələrinin yaxınlaşdığını eşidən Hüseynqulu xan 5000 qoşunla onları sərhəddə qarşılamağı qərara aldı. Sentyabrın 29-da Əştərək (Qarababa-E.Q.) kəndində irəvanlılarla rus qoşununun ön dəstəsi arasında döyüş baş verdi. Döyüşdə Hüseynqulu xan məğlub olaraq qoşunu ilə geri çəkildi. Səhəri günü rus qoşunu Eçmiədzinə döğru hərəkət edərək müqavimətsiz onu ələ keçirdi. Rus qoşununa rəğbət bəsləyən ermənilər onları təntənə ilə qarşıladı (105,243).

Rus qoşuni ilə ilk döyüşdə məğlub olan Hüseynqulu xan İrəvan qalasına çəkilmişdi. Lakin o, burada çox ləngimədi. Rus qoşunu gələnə qədər qardaşı Həsən xanı iki minlik İrəvan qoşunu və şahzadə tərəfindən burada saxlanmış bir dəstə şah qoşunu ilə qalada saxlayaraq, qalan qoşunla Gərni çayını keçərək Vedi dərəsinə çəkildi (105,244).

İki gün Eçmiədzində dincəldikdən sonra qraf Qudoviç yüksək rütbəli zabitləri, artilleriya hissələrini və ağır ərzaq arabalarını bir dəstə qarnizonla burada saxlayaraq, İrəvan qalasına doğru hərəkət etdi. Oktyabrın 3-də rus qoşunu Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı (307,244). İlk növbədə qraf Qudoviç qalanı döyüşsüz təslim etmək üçün komendant Həsən xana və sakinlərə hədə-qorxulu məktublar göndərməyə başladı. O, oktyabrın 4-də qala sakinlərinə bəyannamə göndərdi. Rus qoşunlarının baş komandanı bəyannamədə irəvanlıları müqavimətsiz təslim olmağa çağıraraq, özlərinin və əmlaklarının toxunulmazlığına söz verirdi. Müqavimət göstərəcəkləri halda isə onlara aman verilməyəcəyi ilə hədələyirdi. Qraf Qudoviç lovğalanaraq yazırdı: «İrəvan əhalisi! Siz İrəvan qalasının əvvəlki müvəffəqiyyətsiz mühasirəsindən ibrət götürməyin. Onda vəziyyət başqa idi, indi tamamilə başqadır. Onda qoşuna hərbi sahədə təcrübəsi olmayan gənc generallardan knyaz Sisianov başçılıq edirdi. İndi xoşbəxtəm ki, 30 ildən çox güclü rus qoşununu idarə edən mən, böyük imperatorun məğlubedilməz qoşununa burada komandanlıq edirəm. Bundan əlavə, əvvəlki İrəvan mühasirəsində müqayisəsiz çox az qoşun vardı, indi isə mənim o qədər qoşunum var ki, nəinki qalanı məhv edərəm, həm də bütün İrandan keçərəm» (327,237-238). Belə bir məktub oktyabrın 17-də qalanın komendantı Həsən xana da göndərilmişdi. Məktub həm hədələyici, həm də şirnikləndirici xarakter daşıyırdı. Qraf Qudoviç məktubda qala müdafiəçilərinin çıxılmaz vəziyyətdə olduğunu, rus qoşununun Hüseynqulu xanı məğlub etdiyini, onlara kömək gəlməyəcəyini bildirərək Həsən xandan qalanı təslim etməsini tələb edirdi. O, qalanın könüllü təslim olacaqı təqdirdə qarnizonun maneəsiz Arazın o tayına geri çəkilməsinə icazə verəcəyinə, əhalinin əmlak və mülkiyyətinə toxunulmayacağına söz verirdi və eyni zamanda xanı inandırmağa çalışırdı ki, guya qaçıb gizlənmiş bütün İrəvan əhalisi Rusiya imperiyasının təbəəliyinə keçmək istəyir. Daha sonra o, xanı şirnikləndirmək üçün yazırdı: «…Lakin siz hörmətli komendant, əgər qala qarnizonu ilə birlikdə İrana çəkilmək arzusunda olsanız sizə sərbəstlik veriləcək. Əgər qalmaq istəsəniz mən böyük imperatorun adından sizi hörmətlə bütün hüquq və əmlakı ilə İrəvan qalası və şəhərindən başqa bütün xanlığın hakimi təyin olunacağınıza söz verirəm» (276,240).

Lakin Həsən xanın noyabrın 21-də Qudoviçə göndərdiyi məktubunda onun yazdıqlarının yalan olduğunu bildirərək istehzalı tərzdə bildirirdi: «Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim etsəm, əvəzində İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa onda siz böyük İran hökmdarına qulluq etməyə razı olsanız əvəzində İrəvan, Təbriz və başqa çox şey alarsınız. … Siz yazırsınız ki, işi əhalinin qırılmasına gətirib catdırmayım. Bütün aləmə məlumdur ki, bunun səbəbkarı siz olacaqsınız… Sonra yazırsınız, bütün İrəvan əhalisi və Hüseyn ağa başda olmaqla kürdlər sizin yanınıza gəlib, çox yaxşı və çox əcəb. Onda bütün İrəvan əhalisi sizə təslim olmaqa razıdır. Əhalini idarə etmək üçün ona sahib olmaq lazımdır. Sonra yazırsınız ki, çoxlu qoşununuz var, kim hökmranlıq bacarırsa onun qoşunu çox olmalıdır və başqalarının da belə çox qoşunu var». Daha sonra xan məktubda qalanın güclü qarnizona və üç illik ərzaq ehtiyatına malik olduğunu yazaraq onu təslim etməyəcəyini bildirirdi (326,473).

Hüseynqulu xan geri çəkilərkən qoşunun sayı 2000 nəfərdən ibarət olmuşdu. O, İrəvandan 30 verst aralıda yerləşən Kiçik Vedi qalasında düşərgə salmışdı. Həmin vaxt gürcü şahzadəsi Aleksandr Mirzə də da burada idi (326,463). Xanın məqsədi kənardan qəfl hücumlarla rus qoşununu çaşbaş salmaqla, onların məqsədini qalanın mühasirəsindən yayındırmaq idi. Belə bir planın rus qoşunu üçün çox qorxulu olduğunu dərk edən Qudoviç general mayor Portnyagini bir dəstə qoşunla Hüseynqulu xanı təqib etməyə göndərdi. Lakin Hüseynqulu xan döyüşdən yayınaraq Arazın cənubuna çəkildi. (307,244).

İrəvanlıların təslim olmayacağını anlayan rus komandanlığı qala ətrafı strateji əhəmiyyətli nöqtələri tutmaq üçün qoşunu bir neçə dəstəyə böldü. Qraf Qudoviçin göstərişinə əsasən, oktyabrın 7-si gecə polkovnik Simonoviçin başçılığı ilə qoşunun bir hissəsi qalanın şimal tərəfində yerləşən Topbaşını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub-qərbində yerləşən Maxtəpə kurqanını, mayor Buxvostovun dəstəsi isə qalanın cənub şərqində yerləşən, ətrafı bağlarla əhatə olunmuş Müxənnət kurqanını ələ keçirməli idi. Yerli əhalinin müqavimətinə baxmayaraq oktyabrın 9-u günortaya yaxın rus qoşunu əmri yerinə yetirə bildi. Qalanı mühasirəyə alan rus qoşunu onu bombardıman etməyə başladı (105,244-245; 305,296-297).

Araz çayının cənubuna çəkilən Hüseynqulu xan heç də sakit dayanmaq fikirində deyildi. O, dəstəsi ilə rus qoşununun diqqətini qaladan yayındırmaq üçün onlara qəflətən hücumlar təşkil etməkdə davam edirdi. Hətta xanın dəstəsi qalanın 10 vertliyinə qədər gəlib çatmışdı. Onun qoşunu rusların yem tədarük edən dəstələrini tez-tez narahat edirdi. Hüseynqulu xanın qəfl və ehtiyatlı hücumları rus qoşununu təngə gətirmişdi. Qraf Qudoviçin əmrinə əsasən, 15-ci yeger alayından 200 nəfər, dörd narva draqun eskadronu və 200 kazak dəstəsi podpolkovnik Podlutskinin başçılığı ilə Hüseynqulu xanın qoşununu təqib etməyə göndərildi. Onlara general-mayor knyaz Orbeliyaninin başçılığı ilə Kazak, Şəmşəddil və Pəmbəkdən olan azərbaycanlılardan ibərət dəstə də qoşulmuşdu. Oktyabrın 16-da səhər tezdən rus qoşunu qəflətən Gərni çayı sahilində yerləşən Avşar kəndində mövqe tutmuş Hüseynqulu xanın dəstəsinə və onunla birlikdə olan gürcü şahzadəsi Aleksandr Mirzənin başçılıq etdiyi 2000 nəfərlik şah qoşununa hücum etdi. Qəflətən yaxalanmış Hüseynqulu xan qoşunu ilə vaxtında aradan çıxaraq Arazın cənubuna çəkildi. Podpolkovnik Podlutskinin qraf Qudoviçə göndərdiyi məlumatda bildirirdi ki, bu döyüşdə xanın bütün düşərgəsi, özünün mindiyi atı və yüklə dolu 50-dən çox qatırı rus qoşunun əlinə keçmişdi. Döyüşdə xanın qoşunundan 30 nəfər ölmüş, 5 nəfərə yaxın adamı isə əsir düşmüşdü. (365,496). Lakin qraf Qudoviç Həsən xana göndərdiyi məktubda bu döyüşdə xanın qoşunundan çoxlu ölən olduğunu bildirərək, 60 qatır və 600 qiymətli yükdən ibarət qənimət ələ keçirildiyini yazırdı (276,239).

Hüseynqulu xanın məğlub olduqunu eşidən Fətəli şah Qacar Fərəculla xanın başçılığı ilə 5000 nəfərlik qoşunu irəvanlıların köməyinə göndərdi. Vəziyyət rus qoşunu üçün qorxulu xarakter almışdı. Qraf Qudoviç bu təhlükənin qarşısını almaq üçün general mayor Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə köməyə göndərdi. Qoşuna ümumi rəhbərlik etməyi Portnyaginə tapşırıldı. Lakin rus qoşunu İrəvan xanını açıq döyüşə cəlb edə bilmədi. Hüseynqulu xan rusların əsəbləri ilə oynayaraq hər dəfə açıq döyüşdən qaçırdı. Heç bir yerdə müqavimətə rast gəlməyən general mayor Portnyagin Arazın sol sahilinə keçərək Şadlı kəndində düşərgə saldı (105,245).

Burada general mayor Portnyaginə xəbər gəlir ki, general mayor Nebolsinin komandanlığı altında olan rus qoşunu artıq Naxçıvan xanlığının ərazisinə hücuma başlamışdı. Bu xəbəri eşidən Abbas Mirzə 12 top, 60 falkonetə malik 3 min piyada və 10 min süvari dəstədən ibarət qoşunla oraya tələsdi. 1808-ci ilin oktyabrın 28-də Naxçıvandan 18 verst aralıda yerləşən Qarababa kəndində polkovniklər Lisaneviçin və Kotlyarevskinin komandanlığı altında olan rus qoşununun ön dəstəsi ilə şahzadənin qoşunu arasında döyüş baş verdi. Bu döyüşdə şah qoşunu məğlubiyyətə uğrayaraq geri çəkildi. Noyabrın 1-də xanın oğlu Şıxəli bəyin köməkliyi ilə rus qoşunu döyüşsüz Naxçıvanı işğal etdi. Beləliklə, qraf Qudoviçin planının birinci hissəsi həyata keçdi (106,253; 150,216; 305,299-300).

Lakin İrəvan qalasının mühasirəsi davam edirdi. Hər tərəfdən mühasirəyə alınmış qala güclü top atəşinə məruz qalmışdı. Top atəşi nəticəsində iki qüllə sıradan çıxmış, qalanın divarlarına zərər toxunmuş və qalada yanğın baş vermişdi. Lakin buna baxmayaraq, irəvanlılar təslim olmaq niyyətində deyildi. Belə olduqda rus komandanlığı qalanı işğal etmək üçün son tədbirə əl atdı. Rus qoşunu Teymur bulaqdan qalaya çəkilmiş suyun qarşısını kəsməklə irəvanlıları susuzluqla təslim olmağa məcbur etmək istədi. Lakin irəvanlılar rusların bu niyyətini vaxtında başa düşərək güclü top atəşi altında itki vermələrinə baxmayaraq, gecə ikən suyu Zəngi çayından götürməyə nail oldular (105,246; 305,300).

İrəvanlıların inadkarlığını görən Qudoviç qala komendantı Həsən xanla yenidən danışıqlara başladı. Qraf məktubunda yenə də, əvvəlki şərtləri irəli sürür və qalanın təslim olunmasını tələb edirdi (280,249). Lakin bu cəhd də heç bir nəticə vermədi.

Birinci İrəvan döyüşündə olduğu kimi, güclü müqavimətə rast gələn və ərzaq çatışmazlığından əziyyət çəkən rus komandanlığı yerli əhalini yalan vədlərlə öz tərəfinə çəkməyə cəhd göstərdi. Qraf Qudoviç ilk əvvəl Vedi dərəsinin Şadlı əhalisinə müraciət etdi. Hüseynqulu xanın sığındığı həmin dərənin sakinləri xan məğlub olduqdan sonra bütün əmlakı ilə birlikdə Araz çayının cənubuna çəkilmişdi. Baş komandan oktyabrın 8 və 10-da yazdığı məktublarında rus qoşunlarının tezliklə İrəvan qalasını işğal edəcəyi ilə öyünərək, Vedi sakinlərinə əmlakları və mal-qarası ilə birlikdə geri qayıdaraq Rusiya dövlətinin himayəsinə keçməsi üçün müraciət etdi. Hətta o, tələsərək rus qoşununun ərzaq ehtiyatını təmin etmək üçün vedililərdən 500 xırda və 100 iribuynuzlu mal-qara tələb etmişdi (328,238; 275,239). Lakin vedililər onun bu məktublarına məhəl qoymadı. Bedililəri öz tərəfinə çəkmək cəhdinin boşa çıxdıqını görən qraf Qudoviç kürdlərin başçıları Hüseyn bəy və Abdulla bəylə danışıqlara başladı. Xanlığın ərazisində yaylaq-qışlaq həyatı keçirən kürdlər rus qoşununun hücumu nəticəsində özlərinin təhlükəsizliyi üçün Arazın cənubuna çəkilmişdi. Kürd başçılarına yazdığı məktublarda qraf Qudoviç rus qoşununun acınacaqlı vəziyyətini gizlədərək qələbələri ilə öyünür və onları Rusiya dövlətinin himayəsinə sığınmağa çağırırdı. Lakin bu cəhd də boşa çıxdı (277,247; 278,247-248; 279,248; 282,252).

Mühasirənin uzanması qala sakinlərinin vəziyyətini də günü-gündən çətinləşdirmişdi. Digər tərəfdən, Hüseynqulu xanın rus qoşunu tərəfindən Arazın cənubuna sıxışdırılması onların xaricdən kömək almaq ümüdünü boşa çıxartmışdı. İrəvan qalasını bu çətin vəziyyətdən çıxarmaq üçün şah hökuməti fransız agenti Lejarı qraf Qudoviçin yanına göndərdi. Lejar hücumu dayandırmaq və rus qoşununu İrəvan xanlığı ərazisindən çıxarmaq üçün qrafla danışıqlara başladı. Lakin rus komandanlığı şah hökumətinin bu təklifini rədd etdi. Beləliklə, fransız agentinin bu missiyası baş tutmadı (106,253).

İrəvan qalasını mühasirəyə alan rus qoşununun vəziyyəti də acınacaqlı idi. Havaların soyuması, ərzaq ehtiyatının tükənməsi və irəvanlıların güclü müqaviməti qraf Qudoviçi son dəfə qalaya irimiqyaslı hücuma keçməyə məcbur etdi. Bu hücum noyabrın 17–si saat 5-ə planlaşdırılmışdı. Baş komandanlıq qoşunu beş dəstəyə bölmüşdü. Dörd dəstə müxtəlif istiqamətlərdən qalaya qəflətən hücum etməli, Qudoviçin özünün rəhbərlik etdiyi beşinci dəstə isə ehtiyatda dayanmalı idi. Bu hücuma 4645 nəfər rus qoşunu cəlb olunmuşdu (106,253-256). Lakin qala müdafiəçiləri rus qoşununun bu planının qarşısını vaxtında ala bildilər. Hücuma keçən rus qoşununu güclü top atəşi ilə qarşılayan irəvanlılar onlara xeyli itki verərək geri çəkilməyə məcbur etdi. Rusların qalaya daxil olmaq üçün düzəltdikləri nərdivanlar da onların işinə yaramadı. Rus qoşununun güclü itki verdiyini görən qraf Qudoviç hücumu dayandırdı. Bu əməliyyat rus qoşunu üçün biabırçılıqla sona çatdı. Təkcə bu hücum zamanı rus qoşunundan 17 zabit və 269 əsgər olmüş, 64 zabit və 829 əsgər isə yaralanmışdı (106,256). P.Butkov isə bu əməliyyat zamanı rus qoşununun 1000 nəfərə yaxın itki verdiyini qeyd etmişdi (84, c.3,səh.390). Hücumun boşa çıxması rusları ruhdan salmışdı. Çıxılmaz vəziyyətdə qalan Qudoviç İrəvandan geri çəkilməyə məcbur oldu. Noyabrın 30-da səhər tezdən rus qoşunu İrəvanın mühasirəsindən əl çəkərək geri qayıtdı. Qraf Qudoviç geri çəkilərkən general mayor Nebolsinə Naxçıvandan Gəncəyə geri çəkilməsi haqqında göstəriş verdi. Dekabrın 1-də Naxçıvanda möhkəmlənən rus qoşunu da Naxçıvanı tərk etdi (305,304-305). Beləliklə, ikinci İrəvan yürüşü də rus qoşunu üçün müvəffəqiyyətsizliklə başa çatdı.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]