Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Irevanskoe_hanstvo_-1747-1828.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
5 Мб
Скачать
☆

3.2. Xanlığın inzibati-ərazi bölgüsü

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi quruluşu baxımından mahallara, mahallar isə kəndlərə bölünürdü. (197,44; 187,48). Mahalları adətən xan tərəfindən təyin olunmuş mahal naibləri idarə edirdi. Naiblər isə iri feodallar arasından seçilirdi (162,137). Azərbaycanın digər xanlıqlarından fərqli olaraq İrəvan xanlığında mahal rəisləri mirbölük adlanırdı (415,448). Kəndləri isə naib yaxud məlik idarə edirdi. Azərbaycan kəndlərini idarə edən başçıya naib, erməni kəndini idarə edənlərə isə məlik deyilirdı (397,2.)

Müstəqil xanlıq yarandığı zaman onun mahalları haqqında statistik məlumat olmadığından uzun illər yarımmüstəqil bir qurum kimi fəaliyyət göstərmiş İrəvan əyalətinin inzibati-ərazi quruluşunu nəzərdən keçirməklə, bizi maraqlandıran məsələlərə aydınlıq gətirmək olar. Bununla da müstəqil xanlıq yaranana qədər onun ərazisinin tarixi sərhədlərinin siyasi hadisələrlə əlaqədar necə dəyişdiyini izləmək mümkündür. Qeyd etmək lazımdır ki, İrəvan bir əyalət kimi uzun müddət Səfəvi imperiyasının Çuxursəd bəylərbəyliyinin tərkibində mövcud olaraq mürəkkəb tarixi yol keçmişdi (422,101; 233,117; 391,88). Bu əyalət XVI əsrin əvvəllərindən başlayan Səfəvi-Osmanlı müharibələri zamanı daima əldən ələ keçərək bu və ya digər ölkənin ərazisinə qatılmışdı. Müxtəlif dövrlərdə İrəvan əyalətinin mahalları haqqında müəyyən məlumata Osmanlı mənbələrində də rast gəlmək olar. Belə ki, İrəvan mahalları haqqında ilkin məlumat verən mənbə «İrəvan əyalətinin müfəssəl dəftəri»dir. Bu mənbəyə görə, 1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibəsindən sonra Osmanlı Türkiyəsinin tərkibinə qatılan İrəvan əyaləti 10 nahiyədən (mahaldan) ibarət olmuşdur. Bunlar İrəvan, Gərni, Vedi, Aralıq, Talın, Ərmus, Ərmavi, Abnik, Abaran və Şərabxana idilər (33,8). Lakin XVII əsrin əvvəllərində bu əyalət yenidən Səfəvi dövləti tərəfindən geri qaytarılaraq, XVIII əsrin 20-ci illərinə qədər Çuxursəd bəylərbəyliyi adı altında mövcud olmuşdu. Mərkəzi İrəvan şəhəri olmaqla bu bəylərbəyliyə Naxçıvan və Maku əraziləri də daxil idi. (391,88).

XVII əsirin axırı-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin iqtisadi və siyasi böhran keçirdiyindən, Osmanlı dövləti XVIII əsrin 20-ci illərin əvvəllərində Azərbaycana müdaxilə etdı. Nəticədə, İrəvan ərazisi yenidən bu dövlət tərəfindən işğal edildi. 1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən ikinci «İrəvan əyalətinin müfəssəl dəftəri»nə görə, həmin əyalətin inzibati-ərazi quruluşu belə olmuşdu: İrəvan şəhəri, Qırxbulaq, Körpü, Maku, Xınzırək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzamin və Şoragöl (33,9). Mənbədən göründüyü kimi, həmin illərdə əyalətin ərazisi osmanlıların apardığı inzibati-ərazi islahatı nəticəsində xeyli genişlənmiş və 18 nahiyəyə (mahala) bölünmüşdü. Maku və Naxçıvanın bəzi əraziləri İrəvan əyalətinə birləşdirilmişdi.

Sonralar görkəmli sərkərdə Nadirin apardığı müharibələr nəticəsində Azərbaycanın digər əraziləri ilə bərabər İrəvan əyaləti də osmanlılardan geri alınmışdı. Onun apardığı inzibati-ərazi dəyişikliyi nəticəsində İrəvan ayrıca əyalət kimi Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil edilmişdi. Erməni katolikosu A. Kretatsi Nadir şah Əfşarın dövründə İrəvan əyalətinin 9 mahala - İrəvan, Körpü, Qırxbulaq, Şoragöl, İğdır, Gərni, Abaran, Şirakavan (Talın-E.Q.) və Geqarkuniyə (Göyçə mahalı-E.Q.) bölündüyünü göstərirdi (186,249). Görünür ki, şahın apardığı inzibati-ərazi islahatı nəticəsində Vedi, Dərəçiçək, Məzrə, Sürməli, Aralıq, Şərur mahalları İrəvan əyalətinin tərkibinə daxil edilməmişdi

İrəvan müstəqilləşdikdən sonra öz tarixi torpaqlarına yiyələnə bilmişdi. Belə ki, İrəvan xanlığı ərazi baxımından xeyli geniş əraziləri əhatə edirdi. Bir mənbəyə görə, XVIII əsrin ikinci yarısında İrəvan xanlığında 12 mahalın olması (62,58), digər bir məlumata görə isə onun mahallarının sayının 20-ə çatdığı göstərilmişdi (410,126). Rus qoşunlarının baş komandanı general Paskeviçin 1827-ci il iyunun 27-də qraf Nesselrodeyə ünvanladığı məktubunda İrəvan xanlığında 16 mahalın olmasını yazırdı (218,547). Onun bu məlumatı xüsusilə əhəmiyyətlidir. Yuxarıda deyilənləri nəzərə alsaq general Paskeviç çox güman ki, İrəvan xanlığının mahalları sırasına Makunu da daxil etmişdi. Lakin bu tip mənbələrdə İrəvan xanlığının mahallarının sayı haqqında məlumat verilsə də onların adları, əhatə etdiyi əraziləri göstərilməmişdi.

İrəvan xanlığının mahalları haqqında İ.Şopenin əsəri bizə daha dolğun məlumat verir. Onun «Rusiyaya birləşdirmə dövründə Erməni vilayətinin tarixi abidəsinin vəziyyəti» adlı əsərində göstərilirdi ki, son İrəvan xanı Hüseynqulu xanın (1806-1827) dövründə İrəvan xanlığının 15 mahalı olmuşdu (415,441-446). Müəllif 1829-1832-ci illərdə apardığı kameral siyahıyaalınmada İrəvan xanlığının mahallarının sayını göstərməklə bərabər, onların sərhədlərini də təsvir etmişdir. İ.Şopen yazırdı ki, «Xanlıq böyük hissəsi axar çaylarla sərhədlənən, inzibati bölgü təşkil edən bir şəhər, 15 mahal və dairəyə bölünürdü» (415,441). Bu mahallar əsasən Araz çayının hər iki sahilində qərarlaşmışdı. 13 mahal Arazın sol sahilində, 2-i isə sağ sahilində yerləşmişdi. Mahallar çaylar və bu çaylardan çəkilmiş süni arxlar vasitəsilə bir-birindən ayrılırdı. Beləliklə, İ.Şopenin qeyd etdiyi İrəvan xanlığının mahalları aşağıdakılardır:

  1. Qırxbulaq mahalı 9. Saatlı mahalı

  2. Zəngibasar mahalı 10. Talın mahalı

  3. Gərnibasar mahalı 11. Seyidli-Ağsaqqallı mahalı

  4. Vedibasar mahalı 12. Sərdarabad mahalı

  5. Şərur mahalı 13. Körpübasar mahalı

  6. Sürməli mahalı 14. Abaran mahalı

  7. Dərəkənd-Parçenis mahalı 15. Dərəçiçək mahalı

  8. Göyçə mahalı

Bu mahalların sərhədləri və onların tərkibinə daxil olan kəndləri nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, İ.Şopen bəzi mahalların yerləşdiyi ərazini təsvir edərkən sərhədlərində qeyri dəqiqliyə yol vermiş və biz bu səhvi düzəltməyə çalışacayıq. İlk növbədə Qırxbulaq mahalını nəzərdən keçirək. Bu mahal Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. O, şərq tərəfdən onu Göyçə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub qərbdən Qərnibasar mahalı, qərbdən isə Körpübasar mahalları ilə həmsərhəd idi. Mahalın ərazisindən axan Qırxbulaq çayı kəndlərin su mənbəyi hesab olunurdu. Qırxbulaq mahalı 48 kənddən ibarət idi. Bu kəndlərdən 26-sı müharibələr nəticəsində dağıdılmışdı (415, 509-510, 544).

Zəngibasar mahalı İrəvan qalasının aşağı hissəsindən cənuba doğru uzanırdı. Bu mahal şimal və şimali-qərbdən Körpübasar və Qırxbulaq mahalları, cənubdan Araz çayı, şərqdən Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi. Mahalın 33 kəndi var idi. Onun 7 kəndi müharibələr nəticəsində dağıntıya məruz qalmışdı (415,510,547).

Gərnibasar mahalı Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan Qırxbulaq mahalı, cənubdan Vedibasar mahalı, şərqdən Göyçə mahalını ondan ayıran yüksək dağlarla, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə həmsərhəd idi. Araz çayının sağ sahili ilə Ağrı dağı arasında yerləşən kəndlər də bu mahala daxil idi. Mahalın əsas su mənbəyi Gərni çay idi. Gərnibasar mahalı 95 kənddən ibarət olmuş və bu kəndlərdən 43-ü müharibələr nəticəsində dağıdılmışdı (415,510-511, 547-555).

Vedibasar mahalı Araz çayının sol sahili boyunca yerləşirdi. Vedibasar şimaldan Qarnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur mahalı və Naxçıvan xanlığı, şərqdən Göyçə mahalı, qərbdən Araz çayı ilə həmsərhəd idi. Bu mahal Vedi və Qafan çaylarının suyunu götürdüyü dağlar və habelə düzənlikdən ibarət idi. Vedibasar mahalı 54 kəndə malik idi və müharibə nəticəsində bu kəndlərdən 33-ü dağıdılmışdı (415,511-512, 555-556).

Şərur mahalı İrəvan xanlığının cənub-şərq hissəsində yerləşən ərazini tuturdu. Bu mahal şimaldan Vedibasar mahalı, cənubdan Araz çayına doğru seyrələn daşlıq qayalardan onu ayıran Naxçıvan xanlığının Xok mahalı, qərbdən Araz çayı, şərqdən isə Naxçıvan xanlığı arasında yerləşirdi. Onun cənub tərəfdə Araz çayına doğru eninə görünüşü yarımdairə, Qaratəpə və Qaraqum dağları arasında amfiteatr formasında idi. Şərqi Arpaçay çayı mahalı iki hissəyə bölmüşdü. Şərur mahalının 61 kəndindən 11-i müharibələr zamanı tamamilə dağıdılmışdı (415, 512,555-563).

Sürməli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimali şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ dağı silsiləsi və Maku ilə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahala Bəyazid sərhədindən başlayan Ağrıdağ dağı silsiləsinin bütün şimal yamacları da daxil idi. Mahalın kəndləri Araz çayından çəkilən arxlar vasitəsilə suvarılırdı. Bütün mahal 78 kənddən ibarət idi. Bunlardan 28-i müharibələr nəticəsində dağılmışdı (415,512-513, 563-5567).

Dərəkənd-Parçenis mahalı isə xanlığın cənub-qərb qurtaracağında, Araz çayının sağ sahilində yerləşirdi. Bu mahal şimaldan Saatlı mahalı, cənub və qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi. Dərəkənd-Parçenis mahalı Bəyazid sərhədindən Araz çayına doğru uzanan üç dərədən ibarət olmuşdu. Onlardan şərq tərəfdə olan Parçenis dərəsi Zor dağının aşağı yamacından, ikinci Dərəkənd dərəsi Pirili və Təkaltı dağlarının aşağı yamaclarından başlayırdı. Bu iki dərə Cancavad dərəsi ilə birləşirdi və hər iki dərənin bütün bulaqlarının töküldüyü Hacı çayının Araz çayına birləşdiyi aşağı hissələri Cancavad dərəsi adlanırdı. Üçüncü dərə isə Parnaud dərəsi adlanırdı. Bu dərə Koroğlu dağının aşağı hissəsindən başlayaraq Kağızman sancağının, Qars paşalığının yaxınlığında Araz çayına birləşirdi. Parçenis dərəsinin 26, Dərəkənd dərəsinin isə 54 yaşayış üçün yararlı kəndi vardı. Müharibə dövründə 8 dağıdılmış kəndini də əlavə etsək, bu mahalın ümumiyyətlə 88 kəndi olmuşdu (415,513, 567-571).

Saatlı mahalı İrəvan xanlığının ən kiçik mahal idi və onun qərb qurtaracağında yerləşirdi. O, Arpaçayın Araza töküldüyü yerdə və bu çayın hər iki sahilində, Arazdan Dərəkənd-Parçenis mahalına doğru uzanan ətraf əraziləri özündə birləşdirirdi. Saatlı mahalı şimaldan Talın, şərqdən Sərdarabad, cənubdan Dərəkənd-Parçenis mahalları ilə, qərbdən isə Osmanlı dövlətilə həmsərhəd idi. Bu mahala məxsus bütün kəndlər çay boyunca yerləşirdi. Burada Araz çayının şərq sahilindən Talın və Sərdarabad mahallarına, qərb sahilindən Qars şəhərinə qədər iri daşların ucaldığı yüksəklikdən başlayaraq uzanan düzənlik vardı. Mahal 14 kənddən ibarət idi. Onun 5 kəndi müharibələr nəticəsində dağıdılmışdı (415,513, 575).

Talın mahalı İrəvan xanlığının şimal-qərb qurtaracağında yerləşirdi. O, şimal tərəfdən Şuragöl əyaləti, cənubdan Sərdarabad və Saatlı mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalı, qərbdən onu Qars paşalığından ayıran Arpaçayla həmsərhəd idi. Saatlı mahalından onu sahəsi 900 kv verst olan susuz və quru düzənlik ayırırdı. Talın mahalının 47 kəndi vardı. Onun 27-si mühariblər nəticəsində dağıdılmışdı (415,513-514, 575).

Seyid-Ağsaqqallı mahalı iki tayfanın mahalı sayılırdı. Mahal şimaldan Abaran, cənubdan və şərqdən Körpübasar, cənubi qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. Seyidli-Ağsaqqallı mahalı 20 kəndə malik idi. Onlardan 11 kənd Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi (415,575-579). Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdi. Çox güman ki, buna səbəb bu mahalın əhalisinin peyğənbərin nəsilindən hesab olunan seyidlərdən olması idi.

Sərdarabad mahalı Araz çayının şimal tərəfində, Sürməli mahalının əks istiqamətində yerləşirdi. Bu mahal şimaldan Talın, cənubda onu Sürməli mahalından ayıran Araz çayı, qərbdən Saatlı mahalı, şərqdən isə Körpübasar və Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı axırıncı İrəvan xanı Hüseynəli xan tərəfindən yaradılmışdı. Bu mahalın adı 1810-cu ildə Hüseynqulu xanın göstərişi ilə tikilməyə başlamış Sərdarabad qalasının adından götürülmüşdü (415,255). Digər məlumata görə isə qala 1815-ci ildə salınmışdı (171,106). Çox güman ki, Sərdarabad qalasının tikintisi 1810-cu ildə başlamış, 1815-ci ildə başa çatmışdı. Sərdarabad qalası salındıqdan sonra xanın fərmanına əsasən burada əhali məskunlaşdırılmış və nəticədə yeni mahal yaranmışdı. Mahal 30 kənddən ibarət olmuşdu. Bunun 8-i müharibələr nəticəsində dağıdılmışdı (415,514,579-583).

Körpübasar mahalı xanlığın ən zəngin mahallarından biri idi. O, şimaldan Seyidli-Ağsaqqallı, cənubdan Zəngibasar, qərbdən Sərdarabad, şərqdən onu Qırxbulaq mahalından ayıran Zəngi çayı, şimali-şərqdən isə Dərəçiçək mahalı ilə həmsərhəd idi. Bu mahalın kəndləri Gərni çayı ilə suvarılırdı. Mahalın kəndlərinin sayı 49-a çatırdı. Onlardan 9 kənd müharibələr nəticəsində dağıdılmışdı (415, 514, 583-587)

Abaran mahalı xanlığın şimal qurtaracağında yerləşən mahallardan biridir. O, Alagöz dağının şimal və şimal-şərq hissəsi ilə Pəmbək sıldırım dağları arasında uzanırdı. Abaran mahalı şimaldan Pəmbək, şimal-qərbdən Şuragöl sultanlıqları, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahal üç dərədən ibarət idi. Birinci ən yüksək Cəngi dərəsidir ki, bura Şuragöl sultanlığına yaxın idi. Cəngi dərəsinə Gərni çayının yuxarı mənsəbi daxil idi. Dərə Cəngi kəndinin yaxınlığından başlayaraq Mirək kəndinə yaxın yerdə qurtarırdı. İkinci dərə Mirəkdan başlayırdı və bura Abaran çayı adlanan Gərni çayı boyunca uzanan, həmçinin bu çayın sol tərəfindəki Gülabad kəndinə qədər bütün kəndlər məxsus idi. Üçüncü dərə Abaran adlanırdı. Bu dərə Gərni çayının sağ sahilində yerləşən, Gərnəvit çayının suyu ilə təchiz olunan bütün kəndləri özündə birləşdirirdi. Bundan başqa mahal Seyidli-Ağsaqqallı mahalına məxsus bir neçə kəndi də özündə birləşdirirdi. Abaran mahalının 61 kəndi olmuş və bu kəndlərdən 22-i müharibələr nəticəində dağıdılmışdı (415,514-515, 587-592).

Dərəçiçək mahalı havasına görə xanlıqda ən səfalı mahal hesab olunurdu. Mahalın ərazisi Göyçə gölündən başlayaraq Zəngi çayı və Misxanaçayı mənsəbindən Alapars kəndinə qədər uzanan dərədən ibarət idi. Zəngi çay və Misxanaçay çayı Gərniköyün yaxınlığında birləşərək cənuba doğru axırdı. Dərəçiçək mahalı şimaldan Pəmbək vilayəti, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə gölü arasında yerləşirdi. Mahal 37 kənddən ibarət idi. Bu kəndlərdən 16-sı müharibələr nəticəsində dağıdılmışdı (415,515, 591-596).

Göyçə mahalı xanlığın şimal-şərq hissəsində yerləşən və qərb hissəsindən başqa Göyçə gölünün bütün ətraf ərazilərini əhatə edən ən geniş mahal idi. Bu mahal şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimal-qərbdən Dərəçiçək mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, qərbdən Qırxbulaq, Gərnibasar və Vedibasar mahalları ilə həmsərhəd idi. Göyçə gölünə öz suyunu axıdan bütün dağlar və dərələr ona məxsus idi. Göyçə mahalı 126 kənddən ibarət olmuşdu. Lakin müharibələr nəticəsində 67 kənd tamamilə dağıdılmışdı. Hətta bu kəndlərdən 37-nin adının unudulduğu qeyd olunmuşdu. Mahalın yalnız 59 kəndində əhali qeydə alınmışdı (415,515-517, 596-600).

İrəvan xanlığının mahalları coğrafi mövqeyinə görə də bir-birindən fərqlənirdi. Mahallar dağlıq, düzən və orta olmaqla üç zolağa bölünürdü. Bunlardan Abaran, Dərəçiçək və Göyçə mahalları dağlıq, Zəngibasar, Şərur, Saatlı, Sərdarabad mahalları düzən, Qırxbulaq, Talin, Seyidli-Ağsaqqallı mahalları isə orta zolağa daxil idi. Hər üç zolağı özündə birləşdirən mahallar Gərnibasar, Vedibasar, Sürməli, Dərəkənd-Parçenis mahalları idi. Körpübasar mahalı isə aran və bəzi yerlərdə orta zolağı əhatə edirdi (415,346-347).

İrəvan xanlığının inzibati-ərazi bölgüsü təhlil edilərkən bu xanlıqdan qoparılmış Şuragöl, Pəmbək və Maku mahalları haqqında da bəhs etmək lazım gəlir. Şuragöl İrəvan xanlığının şimali qərbində yerləşirdi. Onun ərazisi təpəlikləri olan düzənlikdən ibarət idi. Mahal şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Qərb tərəfdən isə Arpaçayı vasitəsilə ayrılan Qars paşalığı ilə həmsərhəd idi. (201, c.1, səh.294). Şuragölün mərkəzi Gümrü idi. Nadir şahın dövründə İrəvan mahalı kimi göstərilən Şuragöldə keçirilən siyahıyaalınmaya görə, onun 109 kəndi olmuşdu (405,42-43). P. Butkova görə isə, XVIII əsrin sonlarında Şuragöl 1000 evdən ibarət olmuş və burada yaşayanların əksəriyyəti azəri türkləri idilər (84, c.2, səh.448).

Pəmbək sultanlığı isə Şuragölün şərqində çox da hündür olmayan dağlar arasında qalan vadidə yerləşirdi. Vadi sıra dağlarla iki yerə bölünürdü. Bunun şərq hissəsi çox ensiz, qərb hissəsi isə 7 verstə çatırdı (201, c.1, səh.293). Pəmbək şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Abaran və Dərəçiçək mahalları, şərqdən Şuragöl, qərbdən isə Qazax sultanlıqları ilə həmsərhəd idi. 1801-ci ilin məlumatına görə, Pəmbəkdə 30 Azəri türk kəndi olmuşdu (238,601). 1826-cı ildə müharibə nəticəsində kəndlərin sayı 22-ə qədər azalmışdı (185,21).

İrəvan xanlığının mahallarından olan Maku isə şimaldan Sürməli mahalı, cənubdan Xoy xanlığı, qərbdən Bəyazid paşalığı və şimal-şərqdən Şərur mahalı, cənub-şərqdən isə Naxçıvan xanlığı ilə həmsərhəd idi. Bu mahal Araz çayının sağ sahilində, Ağrı dağının cənub-şərq yamacında yerləşirdi. Maku mahalı 31 kənddən ibarət olmuş və bu kəndlərdə 600 həyət qeydə alınmışdı.

Lakin siyasi vəziyyətlə əlaqədar olaraq bu mahalların bəzisi İrəvan xanlığından alınaraq digər dövlətlərin tərkibinə qatılmışdı. Məsələn, Pəmbək 1802-ci ildə, Şuragöl isə 1805-ci ildə Rusiya tərəfindən işğal edilmişdi. Maku mahalı isə Türkmənçay sülh müqaviləsindən sonra Qacar İranının tərkibinə qatılmışdı.

Oeyd etmək lazımdır ki, İ.Şopenin mahallar haqqında verdiyi məlumat 1810-cu ildən (Sərdarabad qalası salındıqdan və eyniadlı mahalın yaranmasınqdan sonrakı dövrdən-E.Q.) sonrakı dövrə aiddir. Onun verdiyi məlumata görə, Sərdarabad mahalı yaranana qədər onun ərazisi Saatlı mahalı ilə birlikdə Gərnibasar mahalının tərkibində olmuşdu. İrəvan sərdarı Hüseynqulu xan Sərdarabad qalasını tikdirdikdən sonra həmin qalanın adı ilə yeni mahal yaratmışdı (415,255). Əgər İ.Şopenin verdiyi məlumata inansaq, təqribən həmin vaxtı ikinci bir mahal- Saatlı mahalı yaradılmışdı. Beləliklə, mənbələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, xanlıq yaranan vaxtı İrəvan xanlığının 9 mahalı, XVIII əsrin 60-cı illərindən 1802-ci ilə qədər 16, 1802-1805-ci illərdə 15, 1805-1810-cu illər arasında 14, 1810-1827-ci illərdə isə 16 mahalı olmuşdu.

Şəhər-qala İrəvan. Xanlığın inzibati-ərazi bölgüsünə İrəvan şəhəri də daxil idi. Bütün xanlıqda yeganə şəhər olan İrəvan heç bir mahala tabe olmayaraq müstəqil inzibati ərazi hesab olunurdu. İrəvan şəhəri Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, İrana və Azərbaycanın müxtəlif xanlıqlarına gedən karvan yollarının qovşağında yerləşdiyindən böyük ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdi. XVI əsrin Osmanlı salnaməçisi İbarhim Rəhimzadə İrəvan şəhərini «İran və Turanın gözəl şəhəri və Naxçıvan və Şirvanın qapısı» adlandırmışdı (132,75).

XVI əsrin axırlarından başlayaraq İrəvan şəhəri iki hisəyə bölünmüşdü: şəhər və qala. Bu şəhəri məşhur edən onun iri və möhkəm qalaya malik olması idi. Müxtəlif illərdə İrəvanda olmuş səyyahlar, dövlət xadimləri, diplomatlar, kəşfiyyatçılar, hərbiçilər öz xatirələrində İrəvan şəhərindən daha çox bu qalanın təsvirinə böyük diqqət yetirmişdilər. Bu haqda aşağıda bəhs ediləcəkdir.

İrəvan şəhəri Azərbaycanın qədim və böyük şəhərlərindən biridir. Ermənilər bu şəhəri özlərininki saysalar da faktlar bunun tam əksini sübut edir. XIX əsrin 20-ci illərində İrəvanda olmuş Azərbaycan səyyah və coğrafiyaşünası Z.Şirvani səyahətnaməsində yazır ki, «O, (İrəvan) Arran mülkündədir. Azərbaycana məxsusdur. Oraya həm də Çuxursəd deyirlər…» (420,124). Rus müəlliflərindən biri İrəvan şəhərini «görünüşünə görə tatar (Azəri türk-E.Q.) şəhəri» adlandırmışdı (154,42). İrəvan əsrlər boyu Azərbaycan Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri olan Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuşdu. Burada Səfəvi şahları tərəfindən təyin olunan xanların iqamətgahı yerləşirdi (421,101; 52,23; 233,117; 391,88). Lakin bu şəhər dəfələrlə hərbi əməliyyatlar və təbii fəlakətlər zamanı dağıntıya məruz qalmışdı. Belə ki, XVI əsrdən başlayan Səfəvi-Osmanlı müharibələri dövründə bu şəhər dəfələrlə əldən–ələ keçərək dağıdılmışdı. 1679-cu il iyunun 4-də isə baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə xarabalığa çevrilmişdi. Bu şəhəri yenidən bərpa etmək üçün İrəvan xanı Zal xan şaha müraciət etmişdi. Nəticədə Azərbaycanın müxtəlif yerlərindən irəvanlılara kömək gəlmiş və tezliklə dağılmış şəhər bərpa edilmişdi (171,109). XVIII əsrin 20-ci illərin əvvəllərində isə Osmanlı müdaxiləsi zamanı şəhər müqavimət göstərdiyinə görə yenidən güclü dağıntıya məruz qalmışdı (68,11-17).

Bu şəhər haqqında müxtəlif illərdə burada olan səyyahlar çox maraqlı məlumatlar vermişlər. Bu məlumatlar şəhərin coğrafi mövqeyi, evləri, əhalisi və s. əhatə edirdi. XVII əsrin 70-ci illərin əvvəllərində İrəvanda olmuş fransız səyyahı J. Şardən yazırdı: «İrəvan böyük, lakin eybəcər və çirkin şəhərdir. Onun böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Heç bir gözəl binası yoxdur. O, hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırxbulaq çayları axırdı…Şəhərdə … çoxlu hamam və karvansara vardır» (52,21-22).

Burada olmuş osmanlı səyyahı Ö.Çələbi şəhərin daxili quruluşunu daha ətraflı təsvir etmişdi. Onun verdiyi məlumata görə, «Şəhərin müxtəlif istiqamətlərinə açılan üç dəmir qapısı vardı. «Təbriz» qapısı cənuba, «Meydan» və yaxud «Yaylı» adlanan qapı isə şimala açılırdı. Bu hissədə cürbəcür oyunların keçirildiyi meydan yerləşirdi. Nəhayət, üçüncü «Körpü» qapı adlanırdı… Burada xanlar xanı (Bəylərbəyi-E.Q.) otururdu. Həmçinin burada qazı, molla, şeyxi-şərif, kələntər, darğa, münşi, yasavul ağa, qoruqçubaşı, eşik ağası, diz çökən ağa, mehmandar və şexbəndar yerləşirdi. Şəhərdə 2060 ev vardı. Ən gözəl bina Əmirgünə xan tərəfindən tikilmiş xan sarayı idi… «Yaylı» qapısının qarşısında böyük qəsəbə yerləşirdi. Buranı köhnə şəhər adlandırırdılar. Bu qəsəbədə karvansaralar, məscid və bazar yerləşirdi. «Körpü» qapısı yaxınlığında xan üçün üzümlük salınmışdı. Burada həmçinin çoxlu məscid, xan üçün hamam, bazar vardı. İrəvan müasir şəhərdir» (411,154-155).

Müstəqil xanlığın mərkəzi olduqdan sonra İrəvan şəhəri böyük ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhər haqqında ətraflı məlumatı rusdilli mənbələrdən əldə edə bilmişik. Mənbələrdə şəhərin coğrafi vəziyyəti, sahəsi, quruluşu, evlərinin, əhalinin sayı, tərkibi və s. haqqında daha ətraflı məlumatlar toplanmişdı. 1829-1832-ci illərdə keçirilən kameral təsvirə görə, İrəvan şəhəri şimaldan Qırxbulaq mahalı, cənubdan və qərbdən Zəngibasar mahalı, şərqdən isə onu Gərnibasar mahalından ayıran Oxçaberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri geniş bağları ilə birlikdə kifayət qədər geniş ərazini tuturdu. Onun sahəsi 28 kv verstə bərabər idi (415,464). Başqa bir məlumatda deyilirdi ki, «İrəvan şəhəri demək olar ki, düzənlikdə yerləşirdi, lakin bəzi evlər şəhəri iki tərəfdən əhatə edən təpəliklər üzərində ucalirdi. Ümumiyyətlə, şəhərin əsas hissəsi Ağrı dağına və bütün Araz vadisinə açılan oval formasında idi. Zəngi çayı şəhəri çayın sağ sahilində yerləşən bağlardan ayırırdı… Bazar və karvansaradan başqa şəhərin bütün evləri bağlarla əhatə olunmuşdu. Şəhərin ona məxsus olan bağlarla, taxıl zəmiləri ilə birlikdə sahəsi 50 verstə bərabərdir (172,456).

İrəvan şəhəri «Şəhər», «Təpəbaşı» və «Dəmirbulaq» olmaqla üç məhəlləyə bölünürdü. Şəhərdə 1736 ev vardı. Evlərin əksəriyyəti gil palçıqdan tikilmişdi (415,468; 201, c.4, səh.291). Bu evlərdən 792-i «Şəhər» məhəlləsində, 622-i «Təpəbaşı»da, 322-i isə «Dəmirbulaq»da yerləşirdi (415,468). 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu (33,20). Qeyd etmək lazımdır ki, İrəvan şəhəri müstəqil xanlığın mərkəzi olduqdan sonra «Köhnə şəhər» məhəlləsi «Şəhər» məhəlləsi adlandırılmış, «Dərəkənd» isə «Təpəbaşı» məhəlləsinə birləşdirilmişdi. Çünki İ.Şopen «Şəhər» məhəlləsini köhnə şəhər adlandırmış və qeyd etmişdir ki, bu məhəllələrdə əhalinin məskunlaşdığı yerlərdən əlavə, boş qalmış sahələr də vardı. Məsələn, İrəvanın «Şəhər» məhəlləsində boş qalmış yerlər bunlar idi: Abbas dərə və Köşəhli, «Təpəbaşı» məhəlləsində Abuhəyat, Zəngi çayının sahilində Qızılqala, Dərəbağ, Dərəkənd, Dəlmə, Yenikənd, «Dəmirbulaq»da isə Xosrovabad və Səbziyeri (415,464-465). İrəvan şəhərində evlrin sayının azalması yuxarıda göstərilən yaşayış yerlərinin boşalması ilə bağlı idi. Bu yerlərin boş qalması şübhəsiz ki, müharibələr dövründə əhalinin bir hissəsinin qırılması, digərlərinin isə qonşu ölkələrə köçüb getməsi ilə bağlı olmuşdur.

Bütün Azərbaycan şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez basqınlara məruz qaldığından istər küçələr, istərsə də evlər müdafiəyə uyğun tikilirdi. Onun küçələri dar və əyri idi. Küçələr çiy kərpicdən, çaydaşından və bəzən də palçıqdan hazırlanmış iki cərgəli divarlarla əhatə olunmuşdu. Bu divarlar hərdən kip örtülmüş həyət qapıları ilə kəsilirdi. Baş küçənin ortasından çay axırdı, bu çayın suyu köndələn çəkilmiş kəmərlərlə bağlara paylanırdı (415,466).

Şəhərdə evlər elə tikilirdi ki, onun zahiri görünüşü yaxşı təsir bağışlamırdı. Lakin daxildən daha zəngin və səliqəli idi. Hər bir evin ətrafında bağ, evlərin arasında isə təmiz daşdan döşənmiş, qədim tut və yaxud qoz ağacları ilə kölgələnən səliqəli həyət vardı. Həyətin ortasında isə fəvvarəli olan daş hovuz yerləşirdi. Evlər elə tikilirdi ki, bayırdan nəzərə çarpmasın. (Qeyd etmək lazımdır ki, Azərbaycanın iri şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez müdaxiləyə, quldur basqınlarına məruz qaldığına görə, yerli əhali evləri elə tikirdi ki, həm zahiri eybəcər görünsün, həm də nəzərə çarpmasın-E.Q.). Evlərin otaqları adətən tamamilə bayır divarı əhatə edən iri pəncərələrlə işıqlandırılırdı. Pəncərələr aşağı-yuxarı örtülüb bağlanırdı. Bu şüşə pəncərələr gözəl və müxtəlif naxışlı cürbəcür rənglərdən ibarət idi (415,466-467).

Lakin adi şəhər sakinlərindən fərqli olaraq, imkanlı və nüfuzlu şəxslərin evləri daha geniş və səliqəli idi. Bu evlərin divarları ağ suvaqla hamar şəkildə suvanmış və süni yapma naxışlarla bəzədilmişdi. İ.Şopen bu bəzəkləri Avropanın mərkəzi saraylarının bəzəklərindən daha yaxşı hesab edirdi (415,467). Evlərin qızdırılması üçün onun içərisində soba yerləşdirilmişdı. İ.Şopen belə sobaları otaq qızdırıcısından çox bəzəyə oxşadırdı. Belə ki, sıravi şəhər əhalisi qızdırıcı kimi kürəyə üstünlük verirdi (415,467).

İrəvanlıların evləri bəzəməsi adəti də, Azərbaycanın digər ərazilərində olduğu kimi idi. Evlərin mebeli yox idi, döşəməsi bahalı xalçalarla bəzənirdi. Divarlarda bəzək əşyaları, saxsı qabları və digər lazımlı şeyləri yığmaq üçün taxçalar var idi. Aşağı taxcaya mücrü və sandıq, yuxarısına isə içərisində şərabla və meyvələrlə dolu müxtəlif formalı qablar, həmçinin billur və çini qablar qoyulurdu (415,467).

İrəvan şəhərində yaşayış evlərindən başqa ictimai binalar, məscidlər də vardı. İrəvan şəhərində 2-i qalada, qalanları isə şəhərdə olmaqla 8 məscid vardı. Bunlar Zalı xan məscidi, Novruzəli bəy məscidi, Sartip xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Cəfər bəy məscidi adlanırdı. Şəhərdə həmçinin xeyli dağıdılmış kiçik məscidlər də nəzərə çarpırdı (415,468). 1834-cü il kameral təsvirə görə, İrəvan şəhərində 8 məscid qeydə alınmışdı (201, c.4, səh.291). Şəhərin baş məscidinin 1764-cü ildə (201, c.1, səh7), bəzi məlumata görə isə 1770-ci ildə Hüseynəli xan tərəfindən tikildiyi güman edilir (172,444). Bu məscid İrəvan şəhərinin qərb hissəsində, hər tərəfdən azərbaycanlı türklərinin yaşadığı evlərin əhatəsində yerləşirdi (189,277).

İrəvan şəhəri böyük ticarət mərkəzi idi və xanlığın ən iri ticarət bazarı burada yerləşirdi. Şəhərə çoxlu tacir, rəsmi adamlar və səyyahlar gəldiyindən, onlara xidmət göstərən karvansaralar fəaliyyət göstərirdi. 1829-1832-ci illər kameral təsvirə görə, İrəvan şəhərində Gürcü, Culfa, Zöhrab xan, Tahir, Sulu, Susuz, Hacıəli karvansaraları var idi. Bu karvansaralar möhkəm bişmiş kərpicdən səliqəli şəkildə tikilmişdi (415,468-469).

İrəvan şəhərində çoxlu ticarət köşkləri və xeyli hamam da fəaliyyət göstərirdi. Kameral təsvirə görə, şəhərdə 819 ticarət köşkü və 8 hamam qeydə alınmışdı (415,469). Ticarət köşklərinin sayı ildən ilə artırdı. Məsələn, 1834-cü il kameral təsvirə əsasən, şəhərdə onların sayı 1670-ə çatmışdı (201, c.4, səh.291).

Şəhər hamamları həm yerli əhalinin, həm də şəhərə gələn əcnəbi qonaqların istirahət yeri idi. Hamamlar ortasında suölçəni olan kürəşəkilli qübbə və kümbəzlə ortülmüş bir neçə böyük zalı olan dördkünc otaqlardan ibarət idi. Buraya su xüsusi tikilmiş anbarlardan çəkilmiş su kəməri vasitəsilə verilirdi. İsti su qıraq otaqdan borularla ötürülürdü. Su odun əvəzinə xüsusi şəkildə qurudulmuş təzəklə qızdırılırdı (415,865-866).

Həftənin iki günü hamamlardan qadınlar istifadə edirdi. Şəhər xanımları səhər tezdən təmtəraqla hamama gedirdilər, onun ardınca xalça, yastıq, yorğan, şərbət, qəlyanaltı, hər cür şirniyyat aparılırdı. Burada tanışlar bir-birini uca səslə salamlayır, yeniliklərdən danışır və bütün şəhərin dedi-qodusunu toplayırdı (415,866).

Toy qabağı hamamlar daha dolu olardı. Bu da azərbaycanlıların toy qabağı bəy və gəlinin yaxın adamlarının müşayətilə təntənəli surətdə hamama aparması adətləri ilə bağlı idi (415,866).

İrəvan şəhərində olan hamamlar bunlardır: 1. Şəhər məhəlləsində Şeyx-ül islama məxsus hamam; 2.Zalıxan hamamı; 3.Mehdi bəy hamamı; 4.Hacıbəyim hamamı; 5.Təpəbaşı məhəlləsində Şeyx-ül islam hamamı; 6.Hağı Əli hamamı; 7.Qafar və yaxud Hacı Fətəli hamamı; 8.Kərim bəy hamamı (415,866-867).

Şəhərdə əhalinin müxtəlif idman oyunlarının keçirdiyi və bir yerə yığılıb söhbət etdiyi 5 meydan vardı. Bunlar aşağıdakılardır: 1.Əsas meydan Xanbağı adlanırdı; 2.Bazarla qala arasında olan meydan; 3.Zalı xan meydanı; 4.Fəhlə bazarı; 5.Hüseynəli xan meydanı. Sonuncu meydan ən çox idman oyunları və digər tədbirlərin keçirildiyi meydan idi. O, dördkünclü formaya malik olmaqla bərabər, ticarət köşkləri ilə əhatə olunmuşdu (415,469; 201, c.4, səh.291).

İrəvan şəhəri müxtəlif meyvə və üzüm bağları əhatəsində idi. Bağlar yaz və yay aylarında şəhərə xüsusi gözəllik verirdi. Bu bağların sayı 1473-ə bərabər idi (415,471-472).

İrəvan sırf Azərbaycan şəhəri idi. Əvvəla, burada Azərbaycan xanları otururdu. İkinci bütün yer, çay və məhəllə adları sırf Azəri türk adları idi. Şəhərdə əhalinin əksəriyyəti azəri türklərindən ibarət idi.

Beləliklə, Azərbaycanın digər xanlıqlarında olduğu kimi İrəvan xanlığı inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə kəndlərə bölünmüşdü. Mövcud olduğu müddət ərzində xanlığın mahalları siyasi vəziyyətlə əlaqədar olaraq daima dəyişikliyə uğramışdı. Mahallar coğrafi vəziyyətinə, kənd təssərüfatına və s. görə bir-birindən fərqlənirdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]