- •Elçin qarayev
- •Baki 2010
- •XVIII yüzilliyin ikinci yarısında İrəvan xanlığının siyasi vəziyyəti
- •1.1.İrəvan xanlığının yaranması
- •1.2. XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti
- •İrəvan xanlığı Hüseynəli xanın (1759-1783) dövründə
- •Georgievski müqaviləsi və İrəvan uğrunda mübarizə
- •İrəvan xanlığı Qulaməli xanın və Məhəmməd xanın dövründə
- •1.3. İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə
- •1.4. XVIII yüzilliyin axırlarında İrəvan xanlığının siyasi
- •Vəziyyəti
- •İrəvan xanliği XIX yüzilliyin birinci otuzilliyində
- •2.1. İrəvan xanlığının Şuragöl və Pəmbək uğrunda mübarizəsi
- •2.2. Birinci Rusiya-İran müharibəsi ərəfəsində İrəvan
- •Xanlığının Rusiya, Qacar İranı və Osmanlı paşaları
- •Ilə siyasi münasibətləri
- •2.3. İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə
- •Birinci İrəvan döyüşü
- •Şuragölün Rusiyaya birləşdirilməsi
- •İrəvan xanlığında hakimiyyət dəyişikliyi
- •İrəvan xanlığı Hüseynqulu xanın dövründə
- •İkinci İrəvan döyüşü
- •İkinci İrəvan döyüşündən sonra baş verən hadisələr və Gülüstan sülh müqaviləsi
- •2.4. Gülüstan sülh müqaviləsindən sonra sərhəd xəttinin təyin olunmasında Rusiya ilə Qacar İranı arasında baş verən mübahisədə İrəvan xanlığının rolu və yeri
- •2.5. İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı
- •Sərdarabad qalasının işğalı
- •2.6. Görkəmli İrəvan xanı Hüseynqulu xanın (1806-1827) şəxsiyyəti və fəaliyyəti haqqında
- •3.1. Ərazisi və sərhədləri
- •3.2. Xanlığın inzibati-ərazi bölgüsü
- •3.3. Xanlıqda idarəçilik sistemi və hərbi müdafiə işi
- •İrəvan xanliğinin iqtisadi vəziyyəti
- •4.1. Kənd təsərrüfatı
- •4.2. Torpaq mülkiyyəti formaları
- •4.3. Duz istehsalı
- •4.4.Sənətkarlıq və ticarət.
- •4.5.Vergi və mükəlləfiyyətlər
- •6)Dövlətə məxsus dəyirmanlardan və çəltik həvəngdəstəsindən 766 tümən;
- •5.1. Əhalinin sayına təsir göstərən amillər
- •Verdibasar mahalı üzrə
- •İxtisarların siyahısı
- •İstifadə olunmuş mənbə və ədəbiyyat siyahisi
- •Azərbaycan Milli Elmlər Akademiyası a.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi (amea ti ea):
- •İstifadə olunmuş pul, çəki, ölçü və uzunluq vahidləri
- •Mündəricat giriş………………………………….……………….........…………3
- •Fəsil 2. Irəvan xanliği XIX yüzilliyin birinci otuzilliyində………... …………………….…….…93
- •Fəsil III. Irəvan xanliğinin tarixi coğrafiyasi. 189
- •Fəsil V. Irəvan xanliğinin əhalisi………..…………. 264
3.1. Ərazisi və sərhədləri
İrəvan xanlığının siyasi sərhədləri haqqında mənbələrin azlığı və bu qaynaqların qənaətbəxş olmaması problemin həllinə əngəl yaradır. Lakin bəzi mənbələrdə və işğaldan sonra tərtib edidmiş rusdilli toplularda və rus qafqazşünaslarının əsərlərində bu məsələ ilə bağlı müəyyən məlumatlara rast gəlmək olar. İrəvan xanlığının ərazisinin ümumi təsviri haqqında ilkin məlumat 1783-1787-ci illərdə Rusiya dövlətinin Kartli-Kaxetiya sarayındakı səlahiyyətli nümayəndəsi S.D.Burnaşova və Qafqazdakı rus qoşunlarının baş komandanı R.İ.Kovalenskiyə məxsusdur. Lakin hər iki müəllifin məlumatı natamamdır və xanlığın sərhdlərinin tam mənzərəsini yaratmağa imkan vermir. S.D.Burnaşov İrəvan xanlığının ərazisinə və onunla həmsərhəd olan dövlətlərə toxunaraq qeyd edirdi ki, «İrəvan adlandırılan bu xanlığın Arazın sol sahilində yerləşən geniş ərazisi vardır. Bu ərazi şimaldan və şimali-qərbdən Gürcüstan (Kartli-Kaxetiya-E.Q.), cənubdan Naxçıvan xanlığı, qərbdən isə Türkiyə ilə həmsərhəddir (82,17). P.İ.Kovalenski isə 1800-ci ildə yazdığı gündəliyində İrəvan xanlığının ərazisini daha kiçildir. O yazır: «Onun (Məhəmməd xanın-E.Q.) dövləti Araz sayının sahili boyunca dar sərhəddə yerləşirdi» (156,118).
İrəvan xanlığının ərazisi və siyasi sərhədləri haqqında bir qədər ətraflı məlumata işğaldan sonra tərtib olunmuş toplu və rus qafqazşünaslarının əsərlərində rast gəlmək mümkündür. XIX əsrin 30-cu illərində tərtib edilmiş «Rusiya işğallarının icmalı» toplusunda İrəvan xanlığının sərhədləri təsvir edilmiş və hətta onun ərazisinin sahəsi göstərilmişdir. Topluda qeyd olunur ki, «İrəvan xanlığı 610 və 640 şərq uzunluq dairəsiilə, 410 390 şimal en dairəsi arasında yerləşir. Şimaldan Yelizavetopol (keçmiş Gəncə xanlığı-E.Q.), Şəmşəddil, Qazax, Pəmbək və Şuragöl distansiyaları, cənubdan Xoy xanlığı, Maku mahalı və Bəyazid paşalığı, qərbdən Kağızman və Qars paşalıqları ilə həmsərhəd idi. Ümumilikdə İrəvan xanlığının ərazisi 11 min kv.verstə bərabərdir (201, c.4, səh.253). Rus qafqazşünaslarından olan hərb tarixçisi N.Dubrovin İrəvan xanlığından bəhs edərkən onun «şimaldan Gəncə xanlığı, Şəmşəddil, Qazax, Pəmbək və Şuragöl distansiyaları, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənub və qərbdən isə İran və Osmanlı ərazilərilə» həmsərhəd olduğunu qeyd edir (147,327).
Qeyd etmək lazımdır ki, İrəvan xanlığının mənbə və toplularda göstərilən sərhədləri obyektivliyi əks etdirmir. Çünki bu məlumatlarda onun tərkibinə daxil olan bəzi ərazilər onunla həmsərhəd olduğu göstərilmişdi. Digər tərəfdən məlum mənbələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığının ərazisi də siyasi hadisələrlə əlaqədar olaraq daim dəyişikliyə uğramışdı. S.D.Burnaşov bununla bağlı yazırdı ki, «Xanlıqların vəziyyəti, sərhədləri, aralarındakı münasibətlər, ittifaq və müharibələr, qonşularına nisbətən yerləşməsi sabit deyildi. Sərhədlər fasiləsiz müharibələr nəticəsində daim dəyişirdi» (82,25-26). Bunu İrəvan xanlığının ərazisinə dair konkret misalla davam etdirmək olar. Məsələn, müstəqil İrəvan xanlığı yaranarkən onun Göyçə gölündən şərqdə yerləşən torpaqlarının bir hissəsi Qarabağ xanlığı tərəfindən işğal olunmuşdu. Bu Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) dövründə baş vermişdi. Qarabağnamə müəllifləri Pənahəli xanın Qarabağ xanlığına birləşdirdiyi ərazilərdən bəhs edərkən qeyd edirlər ki, «O (Pənahəli xan-E.Q.), kolanıların məskəni olan, Uşacıq kəndindən Göyçə sərhəddinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı» (41,36; 38,17; 32,116). A.Bakıxanov da Qarabağ xanı Pənahəli xanın İrəvana aid Tərtər Kolanını işğal etdiyini yazırdı (76,155). 1823-cü ildə keçmiş Qarabağ xanlığında aparılan kameral təsvirdə bu ərazidə 9 kənd qeyd olunmuşdu (202,236-240). Bu hadisə Azad xanın İrəvana təyin etdiyi Xəlil xanın (1752-1754) dövrünə təsadüf edir. Bununla bağlı Gülüstan sülh müqaviləsində nəzərdə tutulan sərhəd məsələləri ilə əlaqədar yaradılan komissiyanın tərkibinə daxil olan Rusiya nümayəndələri 1823-cü ildə A.P.Yermolova göndərdikləri məlumatda yazırdı: «İranlıların (Hüseünqulu xan-E.Q.) Göyçə gölünün şimal və şimal-şərq torpaqları olan Gil düzənliyini inadla tələb etmələrinə gəldikdə, ədalət naminə yada salmaq lazımdır ki, 70 il əvvəl kifayət qədər əhali ilə məskunlaşmış olan Gil düzənliyi Göyçə mahalı tərkibində həqiqətən də İrəvan xanlığına məxsus olmuşdur» (176,15).
Bu ərazilər Qarabağ xanlığına birləşdirilsə də, İrəvan xanları bununla barışmamışdı. Heç də təsadüfü deyildir ki, Qarabağ xanlığı işğal edildikdən sonra bu ərazilər Rusiyanın əlinə keçdiyindən, İrəvan xanı Hüseynqulu xan Göyçə gölünün şimal və şərqində yerləşən torpaqların İrəvana məxsus olması haqqında rus komandanlığına məlumat vermişdi. Lakin 1825-ci il martın 28-də Fətəli xanla general leytenant Velyaminov arasında akt bağlanmış, akta əsasən Göyçə gölünün şimal və şərq hissələri Rusiyaya güzəşt edilmişdi (63,53-56). Bu hadisədən bərk qəzəblənən İrəvan xanı həmin ərazilərin İrəvan xanlığına məxsus olması haqqında baş komandana xüsusi məktubla müraciət edərək narazılığını bildirmişdi. Məktubun məzmunu belə idi: «Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhəddindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan sərhəddi sülh müqaviləsində Gəncə və Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan kağızlarda (qəbalə), həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında yerləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb satılırdı. Vəziyyət belədir və siz göstərirsiniz ki, guya Göyçə və Avaran sərhəddinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas Mirzə Göyçənin şərq tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik». Bu məsələ həll edilməmiş qalır. Fətəli xan ikinci dəfə sizin yanınızda olanda, siz Satanağacdan Gedukbarata qədər ərazini tələb etməklə Gill ərazisinin bir hissəsini güzəştə gedərək burada məntəqə yaratmaq istəyirsiniz (294,891). Bu sənədə əsasən, Göyçə gölünün şərq sərhədlərinin İrəvan xanlığına məxsusluğunun bir daha şahidi oluruq.
İrəvan xanlığının ərazisi yalnız şərq tərəfdən deyil, eyni zamanda şimal və cənub tərəfdən də dəyişikliyə məruz qalmışdı. Şimal istiqamətdə vaxtilə İrəvan xanlığının mahallarından olan Şuragöl və Pəmbək əraziləri ondan qoparılaraq sultanlığa çevrilmiş və sonradan Kartli-Kaxetiya torpaqları tərkibində Rusiyaya birləşdirilmişdi. Məlumata görə, Şuragölün sahəsi 1.290 kv. verst, Pəmbəyin sahəsi isə 2.150 kv. verst idi (201, c.1, səh. 294). Hər iki sultanlığın birlikdə ümumi ərazisi 3.440 kv. verstə bərabər olmuşdu.
Cənub tərəfdən isə Maku mahalı Türkmənçay sülh müqaviləsindən sonra Qacar İranının tərkibində qalmışdı. Adətən tarixi ədəbiyyatda Maku müstəqil xanlıq kimi qeyd olunur. Lakin arxiv sənədlərində Makunun da müəyyən dövrlərdə İrəvan xanlığına məxsus olması haqqında məlumatlara rast gəlmək mümkündür. Belə ki, Maku uzun illər mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin tərkibində olmuşdur (338,88). 1728-ci ildə tərtib olunmuş «Müfəssəl dəftər»də də Maku İrəvan əyalətinin tərkibində olması göstərilir (33,9). Onu qeyd etmək yerinə düşərdi ki, Maku hakimləri vaxtilə İrəvan ərazisində yaşamış bayat tayfasından idilər. Belə ki, şah Sultan Hüseyn (1694-1722) Makunu Səfəvilərin düşməni olan mahmudi kürdlərindən qorumaq üçün 1706-cı ildə İrəvan ətrafında yaşayan 300-ə yaxın bayat ailəsini buraya köçürmüşdü. Sonralar İbrahim bəyin başçılığı ilə bayat ailələri Makunun siyasi-iqtisadi həyatında böyük rol oynamışlar. Nadir şah Əfşarın ölümündən sonra isə İbrahim Mirzənin oğlu Əhməd Sultan Maku xanlığının əsasını qoymuşdu (24,25).
Maraqlıdır ki, müstəqil xanlıq kimi göstərilən Maku xanlığının hakimləri arxiv materiallarına görə hələ XVIII əsrin 80-ci illərin əvvəllərində İrəvan taxt-tacı uğrunda gedən hədisələrdə fəal iştirak etmiş və xan olmaq iddiasına düşmüşdülər. Sənədlərdə Maku hakimi Əhməd Sultan İrəvanın nüfuzlu əyanlarından olduğu göstərilmiş və xan kimi deyil, sultan kimi qeyd olunmuşdu (3,16-17; 6,961-962). Bunu təsdiq edən faktlardan biri də S.D.Burnaşovun əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları haqqında məlumat verilərkən Maku müstəqil xanlıq kimi deyil, İrəvan xanlığının tərkibinə daxil olan bir ərazi kimi göstərilmişdi. O, yazırdı ki, «Əli Sultanın (Əhməd Sultan-E.Q.) rəhbərliyi altında olan Maku qalası 600 həyətə malik kiçik ərazisi ilə İrəvan xanlığına məxsus idi (82,17-18).
XIX əsrin əvvəllərinə aid arxiv materialları Makunun İrəvana məxsusluğunu qəti şəkildə təsdiqləməyə xeyli faktlar verir. Bir arxiv sənədində 1801-ci ildə «Baba xana tabe olmaqdan boyun qaçıran Xoylu Cəfərqulu xanın İrəvan xanına məxsus olan Maku adlı yerdə yaşadığı» göstərilmişdi (3,28). Sonuncu xan Hüseynqulu xanın (1806-1827) dövründə də Makunun İrəvandan asılı olmasını arxiv sənədləri təsdiq edir. General Krasovskinin 1827-ci il dekabrın 24-də Paskeviçə yazdığı məktubunda göstərilirdi: «İrandan alınan məlumata görə, Maku mahalı İrəvan xanlığına məxsusdur, sülh müqaviləsi bağlandıqdan sonra iranlılara güzəşt edilmişdi… Sartip Məhəmməd xan və sərhəng Əhməd xan mənə dedilər ki, Maku hakimi Əli xanın inadlı cəhdinə baxmayaraq, bu ərazi sülh müqaviləsindən sonra iranlılara güzəştə gedilmişdi. Mən bu xəbəri təsdiq etməyə səbəb tapmasam da, Maku dairəsinin İrəvan xanlığının bir hissəsi olmasını sizə bildirməyi özümə borc bilirəm. Bu ölkə 31 kənddən ibarətdir… Maku ölkəsi həqiqətən həmişə İrəvan xanının təsiri altında olmuşdu. İrəvan xanı onun hakimi ilə iltifatlı davranmışdı. Çünki bilirdi ki, heç bir qüvvə onların arasını vura bilməz… 1824-cü ildə Abbas Mirzə qoşunla Maku dairəsini ələ kesirmək üçün hərəkət edəndə, onun hakimi şahzadəyə müqavimət göstərərək onu yaxın buraxmamışdı. Yalnız Abbas Mirzənin hüzuruna gələn İrəvan sərdarının qardaşı Həsən xanın inandırmasından və ondan qiymətli hədiyyələr aldıqdan sonra Makunu tərk etmişdi. Əgər bu ərazi İranda qalarsa, İrəvan xanlığının Arazın hər iki sahilində yerləşən torpaqlarının bir hissəsini hədələyən bədxah adamların təhlükəsiz yuvası olacaqdır. Əgər əvvəlki kimi bu ərazi İrəvan hakimiyyətinə tabe olarsa, onda iran və türklərin hərəkətinin qarşısını almaq üçün maneə olacaq» (137,49-51). Makunun İrəvanla sıx bağlılığı və ondan asılı olmasını İ.Şopen də qeyd edirdi. «Maku hakimi Əli xan Şərur mahalına məxsus olan Ərəbyenicə, Qarahəsənli və Diadin kəndlərini Hüseynqulu xandan hədiyyə olaraq tiyul almışdı. Bunun müqabilində o, bu kəndlərdən topladığı gəlirdən 300 tümən İrəvan xəzinəsinə vergi ödəyirdi. Bundan əlavə, Əli xan hər il xana 200 tümən miqdarında peşkəş vergisi də verirdi» (415, 968- 974). Dövrün məlumatına görə, Maku İrəvanı taxılla və müxtəlif şeylərlə təchiz edirdi (125,57-58). Didər tərəfdən, heç də təsadüfu deyildi ki, rus qoşunları tərəfindən İrəvan qalasının sonuncu mühasirəsi zamanı Hüseynqulu xan bütün var-dövləti və ailəsi ilə birlikdə Maku qalasına sığınmışdı (177,68). Göstərilən arxiv sənədləri və mənbələrə əsasən belə qənaətə gəlmək olar ki, Maku xanlığı Hüseynəli xanın dövründə (1759-1783) İrəvana tabe olmuş və İrəvan xanlığı işğal olununa qədər onun tərkibində qalmışdı.
Əldə etdiyimiz mənbələr və digər mənbə səciyyəli sənədlər əsasında İrəvan xanlığının sərhədlərini belə bərpa edə bilərik: Xanlıq qərb və cənub– qərb tərəfdən Osmanlı dövləti ilə həmsərhəddir. Onun qərb tərəfdən sərhəddi Qars paşalığını Şuragöl və Talın mahallarından ayıran Arpa çayıdır. Arpa çayının Araza töküldüyü yerə qədər İrəvanın Qars paşalığı ilə sərhəddi 50 verstə qədərdir. Buradan sərhəd xətti Arazı keçməklə, Kağızman sancağını Dərəkənd-Parçenis mahalından ayıran Qəbir dağ sıldırım dağları boyunca cənub-qərb istiqamətində Arazdan Koroğlu dağına qədər 30 verst, buradan cənub-şərqə dönərək Balıq gölünə qədər 50 verst, sonra düz şərqə Sürməli mahalını Bəyazid paşalığından ayıran kiçik Alagöz dağının yüksəklikləri istiqamətində uzanır. Cənubdan İrəvan xanlığı onun tərkibinə daxil olan Maku tərəfdən Xoy xanlığı ilə, cənub-şərq istiqaməində isə Araz çayına doğru seyrələn daşlıq qayalardan onu ayıran Naxçıvan xanlığının Xok mahalı ilə həmsərhəddir. Şərq tərəfdən sərhəddi onu Qarabağ xanlığından ayıran Tərtər çayıdır. Şimaldan Somsixetiya və Borçalı, şimal-şərqdən xanlığı Qazax, Şəmşəddil sultanlıqlarından və Gəncə xanlığından ayıran Eşşəkmeydandan (Eşşəkmeydan Dərəçiçək mahalını Qazax sultanlığından ayıran dağlarla əhatə olunan təpəli düzənlikdir-E.Q.), Gil, Şatanağac və Gədikbarat yüksəkliyinə, şimal-qərbdən Pəmbək vasitəsilə Axalsıx paşalığına qədər uzanırdı.
