Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
29
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Animizm ilə fetişizmin fərqi

Sosioloqlar əvvəllər belə təsəvvür edirdilər ki, animistlərlə fetişistlər arasında heç bir fərq yoxdur. Amma sonrakı tədqiqatlar göstərdi ki, bu iki təfəkkür arasında müəyyən fərqlər vardır. Animistlər təkcə maddi əşyaların deyil, hətta onların nəzərində varlıq aləminin bütün işlərinə hakim kəsilən mücərrəd qüvvələrin də ruhları vardır. Halbuki fetişistlər yalnız bə’zi maddi əşyaların ruha malik olduğunu təsəvvür edərək onlara sitayiş edirdilər. Eyni zamanda animistlərlə fetişistlər arasında müştərək bir cəhət də mövcuddur. Yə’ni, onların hər ikisi inanır ki, müharibədə sehr və cadudan düşmənlərin əleyhinə bir döyüş vasitəsi kimi istifadə etmək olar; hər ikisinin əqidəsinə görə ruh sahibi həm xəbis və murdar ruha, həm də pak və xalis ruha malik ola bilər. Bu əqidəyə əsasən bütün müsibət və bəlalar, çətinlik və xəstəliklər insana düşmən olan bədxah ruhlar tərəfindən törənir və onları dəf etmək üçün sehrkarlıq və cadugərlikdən istifadə etmək lazımdır. Onlar belə təsəvvür edirdilər ki, sehr və cadu pis insanların şərrini dəf etməkdə tə’sirli olduğu kimi, müharibələrdə, xəstəliklərin müalicəsində, fəlakət və çətinliklərin dəf olunmasında da tə’sirli sayılır. Buna görə də hər iki əqidənin ardıcılları müəyyən bir xəstəliyə tutulmuş şəxsin ətrafına yığışır, bə’zi kəlmələri uca səslə və xüsusi avazla oxumaqla, yaxud quşların uçuş hərəkətlərini təqlid etməklə özlərinə təlqin edirlər ki, guya quşlar ətrafda qanad çalıb uçduqları kimi, xəstəlik də bu şəxsdən qaçacaqdır. Yaxud onlar quraqlıq illərində xüsusi bir mərasim təşkil edərək qablarla havaya su atırlar və öz söylədikləri kimi bununla yağışa ethiyaclı olduqlarını xatırlatmaq istəyirlər. Onlar inanırlar ki, bu iş yağışın yağmasına səbəb olur.

Ərəbistan yarimadasinda animizm

Ərəbistan yarımadasında bə’zi ərəb qəbilələri bütpərəstliklə yanaşı, xeyirxah və şər ruhlara, ay, günəş, ulduzlar və s. göy cisimlərinin ruha malik olduğunu güman edərək onlara sitayiş edirdilər. Bə`zi qəbilələr isə mələkləri Allahın qızları hesab edərək, onlara ilahi əzəmətin məzhəri gümanı ilə pərəstiş edir və bununla da bir növ onların məhəbbət və rəğbətini qazanmaq istəyirdilər. Bə’ziləri də şeytanlara pərəstiş edərək onların təhlükəsindən qorunmaq və onların zərərlərini dəf etməyə çalışırdılar. Burada cinlərə pərəstiş də mövcud idi; çünki onlar qaranlıq, səssiz-səmirsiz və qorxulu Ərəbistan səhralarında və çöllərində keçirdikləri şiddətli qorxu hisslərinə görə onlara pərəstiş edirdilər. Çünki onlarda belə bir inanc vardır ki, səhralar cinlərin ixtiyarındadır; onların rəğbət və məhəbbətini qazanaraq qorxu və vəhşətdən xilas olmaq üçün cinlərə və onların allahlarına pərəstiş etmək lazımdır. Ərəblər bu işlə sanki özlərini cinlərin pənahında hiss edirdilər. Həmin ərazilərdə yaşayan Bəni-Xuzaə qəbiləsinin bir qolu olan Bəni-Məlih sülaləsi cinpərəstliklə tanınmışdı. Bə`zi ərəb qəbilələri, o cümlədən Himyər qəbiləsinin bə’zi üzvləri, Yəməndə Səba tayfası, Bəni-Təmim, Bəni-Ləxim, Bəni-Xuzaə tayfalarından bə’ziləri də göy cisimlərinə pərəstiş edirdilər.

Qeyd etmək lazımdır ki, göy cisimləri səhra ərəblərinin həyatında yüksək əhəmiyyətə malik idi. Onlar ay, günəş və ulduzlardan, yolun və istiqamətin tə`yin olunmasında istifadə edirdilər. Bu məsələlər də göy cisimlərinə həddən artıq diqqət yetirilməsinə və nəticədə tədricən onlara məhəbbət göstərmələrinə səbəb oldu. Zaman keçdikcə bu iş göy cisimlərinin müqəddəs sanılmasına və onlara pərəstiş olunması ilə yekunlaşdı nəticədə belə bir e`tiqad yarandı ki, səmavi cisimlər ruha, əsraramiz qüvvəyə malikdir, insanların həyatında birbaşa tə’yinedici rol oynayır. Ulduzların bəxt ulduzları və günlərin də yaxşı və pis günlərə bölünməsi də bu fikirlərdən doğmuşdur.

Beləliklə bütün əşyalarda, təbii varlıq və hadisələrdə ruhun varlığına inanmaq, div, pəri və s. qorxulu surətlərə və xəyali varlıqlara e’tiqad bəsləmək, onların səhralarda, meşələrdə, xarabalıqlarda olmasını zənn etmək, bu kimi varlıqların xariqul’adə və son dərəcə böyük qüdrətə malik olmasını təsəvvür etmək bütünlüklə animizm təfəkkürünün məhsuludur. Qədim xalq ədəbiyyatında div, pəri və s. qeyri-adi varlıqlar haqda çoxlu hekayələrin mövcud olması keçmişdə belə bir e’tiqad və fikrin geniş yayılmasının aşkar sübutudur. Hal-hazırda da bə’zi cəmiyyətlərdə bu kimi inanclar istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə animizm tərzi-təfəkkürünün tə`sirləri kimi müşahidə olunmaqdadır.