Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
29
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

İkinci hissə: «Vistert»

«Vistert» əbədi həyat dövranı və rəhbərlər mə’nasındadır. Avestanın bu hissəsi dua və sitayişlərdən ibarətdir. Ahura Məzdanın dərgahında Zərdüşt, Emşanspentant, İzadan və s. mücərrəd aləmin, asimanın və onda olanların rəhbərləridir. Bu bölmədə həmçinin dini bayramlar və onunla əlaqədar söhbətlər gedir. Vistert 22, yaxud 27 fəsildən ibarətdir.

Üçüncü bölmə: «Vendidad»

«Vendidad» - divlər əleyhinə olan qanun mə’nasındadır. Avestanın bu hissəsində dini qayda-qanunlar, hökmlər, dünya və axirətdəki cəzalar işıqlandırılır; fərdi və ictimai hökmlər bu hissədə toplanmışdır. Bu hissə həqiqətdə 22 fəsildən ibarət olan fiqhi bir kitabdır ki, hər fəsildə şəriət hökmlərinin bir qismi bəyan olunmuşdur. Burada murdar şeylər, pakedicilər, murdarlanmış şeylərin paklanma qaydası, məssi-meyyit qüslünün qaydası, divlərin hücumunun, böyük günahların və murdar heyvanların həmləsinin qarşısını necə almaq barədə qayda-qanunlar toplanmışdır.

Vendidadda dünya və axirət və’dələri barəsində, Əhrimənin Zərdüştlə necə mübarizə aparması, elm öyrənməyə, tə’lim-tərbiyəyə rəğbətləndirmə, izdivac edib ailə qurmaq və s. kimi məsələlər bəyan olunmuşdur.

Dördüncü hissə: «Kiçik Avesta»

Bu bölmə Sasanilər dövrünün məşhur mubədi kimi tanınan Azər-pad-maraspənd (odun keşikçisi) tərəfindən yazılmışdır. Bu kitab dualar, namaz, müxtəlif günlərin münacatları, dini bayramlar, izdivac, ölüm mərasimləri, xoş və acı günlər, günahların kəffarəsi, hacətlərin ödənilməsi və bu qəbildən olan digər məsələlərə aiddir.

Yəştlər kiçik Avestanan digər bir hissəsini təşkil edir. Yəşt fidyə və yalvarış mə’nasındadır. Bu hissədə 22 fəsil vardır və hər bir fəsil mələklərdən birinin tə’rif və vəsfindədir. Yəşitlərdən hər biri zərdüştlər tərəfindən ilin müəyyən vaxtlarında oxunur.

* * *

Dərsin əvvəlində qeyd olunduğu kimi, on iki min inək dərisində yazılmış əsil Avesta İsgəndər tərəfində yandırılıb məhv edilmişdir. Mövcud olan Avesta Əşkanilər dövründə ağızdan-ağıza eşidilməklə, yaxud da yadda qalanları yığıb bir yerə toplamaqla yazılmışdır. Bu tarixi məlumatların düzgünlüyü sübuta yetsə, Avestaya nə qədər təhrif və dəyişikliklərin edilməsini təsəvvür etmək olar. İlk Avestanın çox geniş həcmə malik olmasını, onun ilk nüsxəsinin misilsiz bir vəziyyətdə yazılmasını və bütün ayələrinin qorunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, onun sonrakı nəsillərə gəlib çatmasının nə dərəcədə çətin bir iş olduğunu başa düşmək olar. İlk Avestanın aradan getməsi ilə onun yeni nüsxəsinin yazılması arasındakı uzun zaman fasiləsi də bu məsələnin mürəkkəbliyini bir neçə dəfə artırır.

Suallar

1. Avesta kimin göstərişi ilə və necə yazılmışdır?

2. ”Zənd Avesta” nə deməkdir?

3. Yəsnanın mövzusu nədən ibarətdir?

4. Vəndidad hansı məsələləri əhatə edir?

Otuz dördüncü dərs zərdüştiliyin dini ayinləri

1. Odun müqəddəs sanılması:

Zərdüştlər dördlük təşkil edən ünsürləri (su, od, hava və torpaq) pak və müqəddəs sayırlar. Zərdüştilik hökmlərində bu dörd ünsürü aludə edən şəxslər üçün ağır cəza tədbirləri nəzərdə tutulmuşdur. Əlbəttə, atəş daha artıq ehtirama layiq görülüb və zərdüştlər onu nur və işıqlıq simvolu, ilahi mələkut nişanəsi, nurun və işıqlığın xaliqi olan Ahura Məzdanın rəmzi hesab edirlər. Zərdüştlər odu müqəddəsləşdirməkdə o qədər ifrata varmışlar ki, onların mə’bədləri də atəşgah adlandırılmışdır; onların ibadətləri də odun qarşısında yerinə yetirilir. Buna görə də zərdüştlər sair qövmlər və digər din ardıcılları arasında atəşpərəst kimi tanınmışlar.

Müqəddəs atəş uzun-uzadı hazırlıqlar və müfəssəl ibadətlər silsiləsi ilə yanaşı hazırlanır. Ən müqəddəs atəş odur ki, on altı ayrı-ayrı atəşdən təşkil olunsun. (Yə’ni, on altı məntəqədə xüsusi mərasim, dua və zikrlərlə müqəddəs atəş hazırlansın, daha sonra onlar bir-birilə birləşdirilsin).

Atəşin müqəddəs sayılıb pak saxlanmasının qaydalarından biri də budur ki, ətirli səndəl ağacının odunlarından bir neçəsini yonaraq üst-üstə toplayır və onları odun üzərinə tökürlər. Sonra atəş şö’lələrinin yuxarısında azacıq məsafədə atəşlə təmasda olmayan metal bir qaşıq saxlayırlar; onda kiçik bir dəlik açılır və qaşığın arasında səndəl çubuqlarının ovuntularını tökürlər. Sonra müqəddəs çubuqlar yığımını alovlandırıb dua və nəğmə oxuyub qiraət etməklə məşğul olurlar. Bu əməli 91 dəfə təkrar edirlər. Nəhayət mubədlərin 16 müxtəlif məntəqədən bir yerə topladıqları pak atəş müqəddəs bir kürədə yandırılır və mubədlər öz ağızlarını incə bir parça ilə örtüb uzaqdan tənəffüs etdikləri bir halda onu yandırırlar.

Odun qorunduğu qab daxili otağın yaxınlığında küllə doludur və orada dörd ayaqlı bir kürsü vardır ki, mubədlər onu növbə ilə səndəl ağacının çubuğunun qırıqları ilə alovlu saxlayırlar. Ağızlarına bir parça bağlayırlar ki, nəfəsləri pak oda üfürülməsin və onu çirkləndirməsin. Həmçinin odun kənarında asqırıb və ya öskürməkdən özlərini saxlayırlar.

Zərüdşt dininin ardıcılları günün istənilən vaxtında atəşgahın içərisinə gedə bilərlər. Mə’bədə daxil olmazdan qabaq öz əllərini və üzlərini suya çəkir, Avestanın bir hissəsini tilavət edir, dua və münacat oxuyurlar. Sonra ayaqqabılarını çıxardaraq mə’bəd otağına daxil olub, müqəddəs məşəlin qarşısında namaz qılır, bir qədər səndəl çubuğu ilə yanaşı olan nəzir və hədiyyəni mubədə təqdim edirlər. Bunun müqabilində mubədin ixtiyarında olan müqəddəs küldən bir qab götürür, feyz və bərəkət kəsb etmək niyyəti ilə öz üzlərinə və gözlərinə sürtürlər. Sonra oda tərəf tə’zim əlaməti olaraq əyilərək namaz qılır, dua oxuyur və hər bir halda həmin odu ilahi mələkut nişanəsi və rəmzi kimi qələmə verirlər; onlar oda allah kimi deyil, onun nişanəsi kimi pərəstiş edirlər. Daha sonra yavaşca arxaya çəkilir, ayaqqabı çıxarılan yerə çatır və atəşgahdan xaric olurlar.

2. Atəşgah:

Zərdüştlər atəşgahı ətrafı açıqlıq olan bir məkanda düzəldirlər. Hər atəşgahda atəş yandırmaq üçün xüsusi bir mərkəz vardır ki, ətriban yə’ni, odun qoruqçusu olan mubəddən başqa heç kəs oraya daxil ola bilməz. Ətribanlar atəşin ətrafına gedərkən tənan yə’ni, ağıza bağlanan şeyləri geyməlidirlər ki, onların nəfəsi müqəddəs odu aludə etməsin. Atəşgahın sağ tərəfində dördbucaqlı şəkildə geniş bir otaq vardır ki, müxtəlif və bir-birinə bərabər hissələrə bölünmüşdür; hər biri xüsusi bir iş üçün nəzərdə tutulmuşdur. Bu otağı yəzqənşah yə’ni, ibadət məkanı adlandırırlar. Od yandırılan yeri atəşgahın ortasında düzəldirlər ki, günəşin odun üzərinə saçmasının qarşısı alınsın.

Müqəddəs atəşin müxtəlif növləri vardır və onlara cəmiyyətlər əsasında tə’riflər verilir. Məsələn, evin atəşi, qəbilənin atəşi, kəndin atəşi, əyalətin atəşi və s. Atəşin qoruqçusuna “manənd” deyilir və bu vəzifə mubəd vəzifəsindən ibarət olan ətribanlardan fərqlənir. Manənd ruhani hey’ətlərin bir üzvüdür ki, mubədin nəzarəti altında odun qorunub saxlanması vəzifəsini öhdəsinə almışdır. Atəşgah həmişə ətirli yanıqlar səbəbi ətirlənir və odu səndəl çubuğunun hissələri ilə qeyd etdiyimiz mərasimlər əsasında paklayır və həmişə yanar vəziyyətdə saxlayırlar.

3. Mubədlər:

Mubədlər zərdüşt dininin dini rəhbərləri və ruhaniləridir, müxtəlif dini vəzifələri öhdələrinə alırlar. Onlar öz ardıcıllarına moizə edib yol göstərməkdən əlavə, atəşgahların ibadət mərasimlərini, müqəddəs odu yandırmaq üçün odunların paklanmasını və müqəddəs atəşin qorunub saxlanmasını öhdələrinə alırlar. Həmçinin təharət hökmlərinin icrası, günahkarların e’tiraflarını eşitmək, onları əfv edib günahlarından keçmək, kəffarənin miqdarını tə’yin etmək, cərimələr, viladət zamanı adi təşrifatların yerinə yetirilməsi, müqəddəs kəmərin bağlanması (kəşti), əqd mərasiminin icra edilməsi, cənazənin dəfni, dini bayramların keçirilməsi və icrası çox ağır olan şər’i cəza qanunlarının tətbiqi və bu kimi digər işlərin hamısı zərdüşt rəhbərlərin və mubədlərin öhdəsindədir.

4. Nəcasət və təharətin hökmü:

Zərdüştlərin nəzərində əşyaların çoxu murdar və mənfurdur. Belə ki, bir şəxs və bir şey onlarla təmasda olsa, ciddi və xüsusi şəkildə paklanmalıdır. Ölü insan və heyvanların cəsədi, div, heyzli və nifaslı qadın, ölü uşaq dünyaya gətirən qadın, heyvanların cəmdəyi ilə təmasda olmaq, su, torpaq, yaxud atəşi aludə etmək və sair məsələlər nəcasətlərdən sayılır; nəcasətdən paklanmaq üçün çoxlu hökmlər müəyyənləşdirilmişdir. Bundan əlavə, qamçı, yaxud e’dam kimi şər’i cəza qanunları torpağı, və ya odu murdarlayan və yaxud da ölü bir şəxsi təklikdə daşıyan şəxslər üçün təyin edilmişdir. (Vendidad, dörd cildli kitab, Haşim Rəzi).

5. Zərüdştlərin dini mərasimlərindən biri də budur ki, uşaq həddi-büluğ yaşına – 15 yaşına çatan zaman sidrə köynəyi geydirilir, belinə koşti bağlanır. Sidrə alt köynəyə bənzər kiçik bir köynəkdir ki, xüsusi biri formada tikilir, koşti də hinduların zənnarına oxşayan müqəddəs bir kəmərdir.

Zərdüşt ayinində olan bir qız, yaxud bir oğlan həddi-büluğ yaşına çatıb Avestadan din tə’limlərini öyrəndiyi zaman, onun valideynləri sidrə geymək və koşti bağlamaq mərasiminin icra olunması üçün müəyyən bir gün tə’yin edir və öz qohum-əqrəbalarını, dostlarını bu mərasimə də’vət edirlər. Bu gündə əvvəlcə böyük bir süfrə salınır və onda atəş sinisi, səndəl ağacından düzəldilmiş qab, ud çubuğu, bir qabda qurudulmuş meyvələr (püstə, badam, qoz, fındıq, sincid, ərik yarpağı, əncir, nargil və bir qədər noğul və şirni tökülür; ona nərək deyilir) və bir qədər gül, göy, avişən yə’ni, kəklikotu və düyü ilə bəzəyirlər. Daha sonra həddi-büluğa çatan oğlan və ya qız sidrə köynəyini geydikdən sonra süfrənin bir kənarında üzü günəşə tərəf oturur, mubəd onun qarşısında dayanır və mərasimi orzodişt (razi-niyaz ayini) oxumaqla başlayır. Sonra mubəd süfrənin digər tərəfinə gedir, təzə həddi-büluğa çatan şəxsin arxasında dayanır və koştini onun belinə bağlayır. Bu müddətin hamısında həddi-büluğa çatan şəxs mubədin biləklərini öz əllərində saxlayır və dua oxuyarkən onunla birlikdə zümzümə edir, mərasim sona çatdıqdan sonra həddi-büluğa çatan şəxs öz yerində durur və mubəd də əvvəlki yerinə gedərək onun qarşısında ayaq üstə dayanıb Avestanı onun sağ-salamat olması niyyəti ilə qiraət edir. Qiraət halında da kəklikotu, düyü və şirnilərin bir hissəsini onun başına tökürlər.