Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

II.2.Şəxsiyyətin tədqiq üsulları

Beləliklə, individlərin psixi vəziyyətinin dinamikasını şərtləndirən cəmi psixi komponentlər barədə bu qədər. İnsanın istənilən fəaliyyəti məhz bu faktorların birgə təsiri altında, onların kombinasiyasında meydana çıxır və istər ayrıca fərdlərin, istərsə də nəhəng kütlələrin psixoloji idarəçiliyi də, sadalanan həmin bu faktorlara müxtəlif metodlarla müdaxilə hesabına mümkün olur. Bu baxımdan, davranış və düşüncələrin idarəçiliyinə aid hər hansı bir konsepsiyada motivlər yerində yeganə olaraq Freydin dediyi həmin irrasional həvəslər ansamblını, yaxud Adlerin dediyi həmin defekti əvəzləmək məramını və ya Olportun dediyi individual xüsusiyyətləri və s. ayrı-ayrılıqda əsas götürmək, təbii olaraq birtərəfliliyə və məhdudluğa gətirib çıxarardı, bu konsepsiyanın universallığına və işləkliyinə ciddi əngəl törədərdi. Həqiqət, deyildiyi kimi, bunların məxrəcində və ya kombinasiyasındadır ki, yuxarıda biz bu məxrəclərdən birini tapmağa cəhd etdik. Və öz konsepsiyamızı da həmin bu inteqral baza üzərində quracağıq.

Kiməsə təsir halında düzgün taktika seçə bilməyin ən zəruri şərtlərindən biri – onun həmin ontogenez və filogenezini, başqa sözlə, kimliyini, onun psixikasının ümumi xüsusiyyətlərini, verilmiş andakı dəyişikliklərini, xasiyyətini, ümumi tələbatlarını, maraqlarını, ehtiyaclarını, təmənnalarını və s., kütlənin idarəçiliyi halı üçünsə – kütlə içərisində hansı hisslərin, məramların üstünlük təşkil etdiyini dəqiq bilməkdir. Bunlarsız qarmaqarışıq münasibətlər labirintində düzgün oriyentasiya əldə etmək, kütlənin və ya ayrıca fərdin rəy və baxışlarını lazımi istiqamətə yönəltmək üçün səmərəli iş apara bilmək qeyri-mümkündür. Bu səbəbdən, ilk olaraq tərəf-müqabilin deyilən baxımdan olan parametrlərini təyin etmək qaydaları barədə:

Ünsiyyət zamanı düzgün taktika seçə bilmək işinin tərkib hissəsi olan bu məsələni müxtəlif konkretlik səviyyəsində, əsasən üç yolla həll etmək mümkündür:

1) Cəmi insanlara xas olan ümumi psixi əlamətləri tərəf-müqabilə də aid etməklə – ümumi formada;

2) Mənsub olduğu irqə, irsə, cinsə, sinfə, dinə, millətə və s. xas olan ümumi cəhətləri ona da aid etməklə – xüsusi formada;

3) Konkret olaraq onun öz psixi konturlarını müəyyən etməklə – fərdi formada.

Aşağıda bunların hər biri barədə nisbətən ətraflı məlumat verilir.

II.2.1.Diaxronik tədqiq üsulu

Ümumi sinif əsasından ayrıca fərd barədə nəticə çıxarmaq ümumi oriyentasiya üçün, təqribi proqnoz baxımından əhəmiyyət kəsb etsə də, hər halda, dəqiq proqnoz üçün mütləq fərdin özünün individual cəhətləri, spesifik xüsusiyyətləri və s. aşkar edilib nəzərə alınmalıdır. Burada artıq nə psixoloji alqoritm olan stereotiplər, nə irqi, irsi, cinsi, dini, milli və s. şablonlar, nə transferlər kara gəlmir. Burada oxşarlıqlar, ümumiliklər deyil, fərqlər və unikallıqlar prinsipial mahiyyət kəsb edir. İndividi kütlədən, ümumidən ayıran, seçən bu xüsusiyyətləri (appersepsiyaları) tapıb üzə çıxarmadan, istənilən eniş-yoxuşda ünsiyyəti normal yola verə bilmək və tərəfdaşın individual dünyasının astanasından o yana keçmək qeyri-mümkündür.

İnsanın məqsədyönlü psixi vəziyyətinin formalaşmasının birinci şərti – onun uzunmüddətli yaddaşında bu şəraitə uyğun vəziyyətin enqramının mövcudluğudur. İkinci şərt – onun özünün individual psixi parametrləri və bu parametrlərin öz aralarında qarşılıqlı rabitəsidir. Psixikanın əsas komponentləri bu məqamda afferent sintez prosesini şərtləndirən sistemyaradıcı faktor funksiyasında çıxış edir. İstənilən biosistem ətraf dünyaya uyğunlaşmaq fəaliyyətində özünün daxili proseslərini analiz edib, bunlara uyğun olaraq hansı qərar qəbul etmək lazım olduğunu öz-özü üçün müəyyən edir. Məhz buna görə də, qarşı tərəfin reaksiyalarını proqnozlaşdıra bilmək üçün onun daxili aləmini öyrənmək zəruri şərtdir.

Prinsip baxımından, dünyada mövcud olan cəmi tədqiqat üsullarını iki kateqoriyaya ayırmaq mümkündür: diaxronik və sinxronik metodlar. Bunlardan birincisi – keçmişə, ikincisi isə – bugünə aid faktları öyrənməklə aparılan araşdırma üsuludur. İstənilən individi öyrənməyin metodları da bu təsnifata tabedir. Kimisə onun şəxsi işinə, anket və kartoteka göstəricilərinə, xatirə dəftərinə, köhnə məktublarına, yazışmalarına və s. əsasən öyrənmək məhz diaxronik tədqiqata nümunələrdəndir. Sinxronik tədqiqata isə biz bugünlə əlaqədar faktların öyrənilməsi prosedurasını aid edirik ki, bunu da müşahidə və eksperiment olmaqla iki qrupa ayırırıq (diaxroniya və sinxroniya terminlərini linqvistikadan əxz etmişik). İndividlərin bu ikinci metodla tədqiqi psixologiyanın əsas problemlərindən olduğuna görə, burada ona xüsusi yer ayırırıq.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]