Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Diplomatik psixologiya.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
2 Мб
Скачать
☆

I.1.5.Humanist psixologiya

20-ci əsrin 60-cı illərində bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rəhbərliyi ilə, psixoanaliz və biheviorizmə alternativ olan həyataqabil bir nəzəriyyə yaratmağı qarşısına məqsəd qoydu. Müəyyən mənada ekzissensial fəlsəfəyə əsaslanan bu yeni cərəyan, adı çəkilən hər iki psixoloji cərəyandan fərqli olaraq, insanın taleyinin hansısa irrasional həvəslərdən və ya ətraf dünyanın dəyişkənliklərindən asılı olmayıb, tam şəkildə insanın öz ağlı və düşüncəsindən asılı olduğunu iddia edirdi. «Humanist psixologiya» adlandırılan bu yeni cərəyana görə, insanı fəaliyyətə, onun daxilində mövcud olan müxtəlif növlü tələbatlar vadar edir. Lakin insan bu tələbatları ödəmək yollarını seçməkdə azaddır. Başqa sözlə, insan «seçim azadlığı»na malikdir və məqsədin həyatakeçmə vasitələrini, mexanizmini seçmək məqamında o iradi bir məxluqa çevrilir, təbiətin diqtəsindən kənara çıxır. A.Maslou insanda adi bioloji tələbatlardan əlavə, həm də daha ali tələbatların olduğunu qeyd edir. Buraya inkişaf arzusu, yeni stimul axtarışları, özünürealizə tələbatları və s. kimi sırf insana məxsus olan tələbatlar aiddir (heterostaz prinsipi). Maslouya görə, insanı öz qabiliyyətini, potensialını nümayiş etdirməyə məhz bu sonuncular təhrik edir. İxtiyari bir fəaliyyət məhz bu tələbatdan meydana çıxır.

I.1.6.Evolyusionizm

Psixologiyada təkamül cərəyanı deyilən bir cərəyan da mövcuddur ki, o da psixologiyadakı bir sıra problemlərə ümumən biologiyanın təkamül prinsipi aspektindən cavab tapmağa cəhd edir. Bu cərəyan – təbii seçmə qanunlarına əsaslanıb, bütün insanların qohumluğunu əsas götürən və insan təbiətinin universallığını ön plana çəkən bir nəzəriyyədir. Bu cərəyan tərəfdarlarının baxışlarının əsasında Darvinin təkamül nəzəriyyəsi dayanır. Ta Darvin dövründən bəri əksər bioloqlar inanırlar ki, canlı orqanizmlər milyon illər ərzində sağ qalmaq və öz nəslini qoruyub saxlamaq uğrunda rəqabət aparıblar. Psixologiyada evolyusionistlər də bu versiyanı inkişaf etdirərək iddia edirlər ki, təbii seçmə, informasiyanın o cür qavrayışına və bu cür davranışa aparır, hansı ki, müəyyən şəraitdə bu və digər genlərin saxlanılması və yayılmasına xidmət edir (155 səh. 227). Başqa sözlə, təbiət o davranış mexanizmlərini dəstəkləyir, müdafiə edir, hansılar ki, ətraf mühitin münbit şəraitindən təkan alaraq meydana çıxmış konkret növün genlərinin qorunub saxlanılması və yayılmasına xidmət edir. Bu davranış tipinə meylli olmayan növlər öz genlərini bugünkü populyasiyaya qoruyub saxlamaq şansına malik olmayıblar (155 səh. 227). əksinə, yaşamaq şansını artıran genlər zaman keçdikcə daha çox nümayəndələrdə təhkim olunur (155 səh. 236). ətraf mühitin təsirləri təkamül prosesində formalaşmış davranış mexanizmləri ilə qarşılıqlı təsirdə eynilə fizikadakı sürtünmə qüvvəsi kimi fəaliyyət göstərir (155 səh. 227).

Təkamülçülər cinslər arasındakı fərqləri də reproduktiv strategiya baxımından izah edirlər: Onların fikrincə, təkamül, kişiləri qadında gənclik və sağlamlıq, və deməli, daha yaxşı reproduktiv potensial axtarmağa və ya qiymətləndirməyə meylləndirir. Qadınısa kişilərdə daha çox qida ələ gətirmək və mühafizəçilik, müdafiəçilik kimi xüsusiyyətlər axtarmağa proqramlaşdırır. Bu, qadınların nəyə görə yüksək sosial statusu olan kişiyə ərə getmək tendensiyasını izah edir (155 səh. 548-549). Yeri gəlmişkən, nəsilvermə simvolu olan qadın obrazının Yeni Eradan əvvəlki XV əsrə qədər qədim dünyanın hər yerində ibadət obyekti olması faktı da, qədim tarixdən məlumdur (t/v.«Space», 15.11.01//17 : 50).

Onların fikrincə, kişilərin daha çox seksual təşəbbüskarlıq göstərməsinin başlıca səbəbi bundan ibarətdir ki, kişi orta hesabla öz ömrü boyu trillion spermatozoid istehsal edir ki, bu da bioloji baxımdan əks cinsin yumurta istehsalından qat-qat ucuz başa gəlir. Qadın bir dölü inkişaf etdirib, sonra da doğulmuş körpəni qidalandırınca, kişi bir çox qadınları mayalandıraraq öz genlərini yaya bilər. Buna görə də, qadın tərəf-müqabilini sağlamlıq və perspektivlik əlamətləri əsasında seçərək öz reproduktiv resurslarını çox ehtiyatla xərcləyir. Bu zaman kişi öz genlərini gələcək üçün qoruyub saxlamaq uğrunda digər kişilərlə rəqabət aparır. Beləliklə, təkamülçülərin fikrincə, erkək cins kəmiyyətə, dişi cins isə keyfiyyətə can atır. Təkamülçülər daha sonra ehtimal edirlər ki, fiziki cəhətdən dominant olan erkəklər dişi cinsi daha asan ələ gətirirlər və bu da öz növbəsində nəsildən nəslə keçdikcə kişi aqressivliyinin və dominantlığının artmasına gətirib çıxarıb.

Təkamül cərəyanı bütün bunlara əsasən proqnozlaşdırır ki, kişilər əbədi olaraq təminat və fiziki qorunmuş olduqlarını göstərməyə çalışası (hansı ki, qadınlar tərəfindən yüksək qiymətləndirilir), qadınlarsa öz növbəsində həmişə kişilərin yanında gənc və sağlam görünməyə cəhd edəsidirlər – hansı əlamətlər ki, yaxşı nəsilvermə qabiliyyətinin əlamətləridir. (155 səh. 241).

Devid Bass və onun əlli əməkdaşlarının Zambiyadan Avstraliyaya qədər, 6 qitə və 5 adada, müxtəlif irqə, dinə siyasi sistemə, 37 mədəniyyət tipinə mənsub 10 000-dən yuxarı insan arasında apardıqları sorğu və araşdırmaların materialları əsasında aparılan tədqiqatın nəticələrinə görə:

— Hər yerdə kişiləri yaxşı nəsilvermə xüsusiyyətləri, yəni gənc sima və fiqura kimi fiziki əlamətləri olan qadınlar cəlb edir. Qadınlarısa hər yerdə kişilərdə nəslin qorunmasını və normal inkişafını təmin edə biləcək xüsusiyyətlər, məs., var-dövlət, avtoritet və vicdan kimi cəhətlər cəlb edir.

Kişiləri məhz bədənin forması maraqlandırdığı səbəbindəndir ki, onlar dünya üzrə vizual parnoqrafiyanın başlıca istehlakçısı, yaxud alıcısıdırlar (Buss, 1994).

— əks cinsdən olan tərəfdaşının (arvadının, sevgilisinin,..) bir başqası ilə cinsi yaxınlığına kişilər daha kəskin reaksiya verir, daha çox qısqanırlar, nəinki qadınlar. əksinə, qadınlar o məsələdə kəskin reaksiya verir, ciddi qısqanır, nə zaman ki, tərəfdaşı (əri, sevgilisi) olan kişi emosional cəhətdən bir başqasına bağlanır, hətta onunla cinsi yaxınlıqda olmasa da belə.

Təkamülçü-psixoloqlar bu məsələni belə izah edirlər ki, burada hər iki cinsin narahatlığı – kişinin öz atalığına əminlik məsələsi ilə, qadınınsa qarşı tərəfin qayğısına olan təbii tələbatı ilə əlaqədardır (Buss, 1994).

— Bütün dünyada kişilər özlərindən yaşca kiçik olan qadınla evlənməyə meyllidirlər. Özü də, kişinin hansı yaşda olub-olmamasından asılı olmayaraq, həmişə və hər yerdə kişilər gənc qadınlara meyl göstərirlər. Başqa sözlə, yaşı daha çox olan kişilər özlərindən yaşca daha kiçik olan tərəfdar seçməyə meyllidirlər: Statistikaya görə, bütün dünyada 20 yaşlı kişi özündən bir neçə yaş, 60 yaşlı kişi isə orta hesabla 10-15 yaş kiçik olan qadınla evlənir (Kenrick & Keefe – 1992). Qadınlarsa istənilən yaşda özündən bir neçə yaş böyük olan kişi ilə evlənməyə üstünlük verirlər.

Təkamülçülər yenə də burada kişilərin təhtəlşüuri formada nəsilvermə qabiliyyətini qiymətləndirdiklərinə diqqəti cəlb edirlər (155 səh. 242).

— Bütün dünyada kişilər özlərindən boyca kiçik qadınla ailə qururlar və ya əksinə, qadınlar boyca özlərindən kiçik olan kişiyə ərə getmirlər. Müxtəlif mədəniyyət və millətlərdən olan ailələrlə aparılan tədqiqat zamanı (eksperiment: Gillis & Avis 1980) yalnız 720 haldan birində bu normanın pozulduğu aşkarlanıb.

Adi psixoloqlar bunu kişinin qadın üzərində təhtəlşüuri hakimiyyət iddiası və qadının da buna olan analoji tələbatı ilə izah edirlər (155 səh. 263).

Təkamülçülər burada da, təbii seçmənin rolunun ön plana çəkirlər. Onların fikrincə istər qadın və ya istərsə də kişi boyca özünə bərabər tərəfdaş tapmağa meylli olsaydı, onda ifrat bəstəboy qadınlar və ifrat hündürboy kişilər həmişə subay qalardılar. Çünki kişilər, ümumiyyətcə, qadınlarla müqayisədə hündürboylu olurlar və orta statistik göstəricilərə görə boyu 180 sm.-dən hündür kişilərin sayı, eyni hündürlüklü qadınların sayından; boyu 150 sm.-dən kiçik olan qadınların sayısa bu ölçülü kişilərin sayından bir neçə on dəfə artıqdır (155 səh. 263).

Öz tərəfdaşına və övladlarına bağlı kişilərin öz nəslinin yaşayacağına və onların genini saxlayacağına ümid etməsinə əsası daha çoxdur. Məhz bu səbəbdən də, təkamül baxımından, istər qadın və istərsə də kişi, birləşərək öz övladları ilə birgə məşğul olmaqdan qazanırlar. Məhz bu hal, insanın və körpələrinə həddən artıq ciddi qayğı göstərən bir sıra digər canlıların, nəyə görə cüt şəkildə yaşamalarının və monoqamiya prinsipinə riayət etmələrinin səbəbini evolyusion baxımdan izah edir. Qadın və kişi arasında məhəbbət universaldır, çünki genetik baxımdan sərfəlidir: Sadiq kişilərin nəsli digər canlıların hücumuna qarşı daha dayanıqlıdır (155 səh. 244).

Təbii ki, bütün bu deyilənlər heç vaxt dərk edilmədən, təkamül prinsipinin qanunlarına uyğun olaraq, qeyri-şüuri şəkildə baş verir (155 səh. 240-241).

Bütün bunlarla belə, evolyusionizm cərəyanı ailə formalarının müxtəlifliyi fenomenini (məsələn, monoqamiya, tərəfdaşı mütəmadi dəyişmək, çoxarvadlılıq, çoxərlilik, qrup seksi və s. kimi halları) izah edə bilmir (155 səh. 247).

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]